"Atlas" Mərkəzi: "Serj Sarkisyan cəbhə bölgəsində gərginliyi süni surətdə artırmaqda maraqlı ola bilər"
Son günlər Ermənistanın Dağlıq Qarabağ danışıqlarından açıq şəkildə yayındığı üzə çıxıb. Bunu hətta bir sıra beynəlxalq ekspertlər öz müsahibələrində qeyd edib. Onların sözlərinə görə, Ermənistan, demək olar ki, danışıqlar prosesindən imtina edib.
Bununla paralel olaraq Ermənistan cəbhədə düşünülmüş şəkildə təxribatlar törədərək, münaqişəni alovlandırmaqda maraqlı görünür.
Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır.
Nazir ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri dövlət başçılarının mövcud status-kvonun qəbuledilməz və qeyri- davamlı olması faktını qəbul etdiklərini bildirib.
Ermənistanın bu davranışları cəbhə xəttində yeni qarşıdurma yaratmaq istəyilə bağlıdırmı və bunun fonunda hansı dividendləri götürmək istəyir?
Bir sözlə, əgər yeni müharibə başlasa, bunun bütün məsuliyyətinin tək Ermənistanın üzərində olduğuna əmin olmaq üçün indi dünya qüvvələrinin əlində təkzibolunmaz arqumentlər var.
Politoloq Fikrət Sadıqov hesab edir ki, atəşkəsin pozulmasının intensiv hal alması açıq şəkildə Azərbaycana yönəlir: "Bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan sülhə hazır deyil. Bu ölkə sülhü inkar edir. Eyni zamanda, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Bütün təxribatlar onu göstərir ki, Ermənistan faktiki olaraq danışıqlarda da ciddi deyil. Bütün dövlətlər Ermənistanın kaprizləri ilə oturub-durur. Düşmən tərəfin təxribatları açıq şəkildə danışıqlara zərbə vurmaq və heç bir razılığa gəlməmək məqsədi daşıyır. Həmçinin bu, regionda təhlükəsizliyin, sabitliyin əleyhinə yönələn addımlardır. Onlar ikinci apreli istəyirsə, onu asanlıqla ala bilər. Bunu dünyaya və hətta Ermənistanın özünə belə nümayiş etdirmişdik ki, biz torpaqlarımızı almağa qadirik. Ermənistan ikinci apreli istəyirsə, qoy təxribatları gücləndirsin".
"Atlas" Araşdırmalar Mərkəzindən verilən məlumata görə, Ermənistanın bütün davranışları müharibəni alovlandırmaqda maraqlı olması ilə bağlı təəssürat yaradır: "Əslində Ermənistan müharibədə maraqlı olmamalıdır. Çünki növbəti hərbi qarşıdurma hər iki tərəfdən yenidən itkilərə səbəb olacaq. Onsuz da Ermənistanda əhalinin sayı azalır, gənclər ölkəni tərk edir. Həmçinin erməni separatçıları növbəti hərbi qarşıdurmanın nəticəsi olaraq bir az daha geriyə çəkilə bilər. Ermənistan ordusu aprel döyüşlərində Dağlıq Qarabağ istiqamətində bir neçə strateji yüksəkliyi itirdi. Azərbaycan ordusunun daha çox irəliləməsi imkanları var idi. Ancaq prosesə Rusiya prezidenti Vladimir Putin qarışdı və müharibə sadəcə 4 gün çəkdi. Bu dəfə isə müharibənin uzanması ehtimalı yüksəkdir. Ermənistan prezidenti Serj Sarkisyan cəbhə bölgəsində gərginliyi süni surətdə artırmaqda maraqlı ola bilər.
Sarkisyan arxayındır ki, cəbhə bölgəsindəki süni gərginlik yaratmaqla müharibə başlamayacaq. Çünki Rusiya yenidən işə qarışaraq genişmiqyaslı müharibəyə imkan verməyəcək. Toqquşmaların qısa müddətdə baş verməsi halında isə Sarkisyan təmas xəttində itirdiyi yüksəklikləri geri qaytarmağa çalışacaq. Bu yenidən Sarkisyanın reytinqinin yüksəlməsinə xidmət edər. Ancaq medalın başqa üzü də var".
Məhəmmədəli QƏRİBLİ