Cəbhədə baş verən olaylar burada hər an yeni müharibənin alovlana biləcəyini istisna etmir. Hadisələrin bu səpkidə inkişaf etməsinin əsas günahkarı isə yenə Ermənistandır. Belə görünür ki, ölkə daxilində artan gərginlikdən diqqəti yayındırmaq üçün düşmən yenə əsas cəbhədə təxribatların artmasında maraqlıdır. Atəşkəsin pozulmasında maraqlı tərəf kimi çıxış edir.
Bu arada Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri noyabrın 2-nə keçən gecə cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. Ermənistan isə, qeyd olunduğu kimi, atəşkəsi yenidən intensiv şəkildə pozmaqdadır. Özü də bu zaman düşmən ağır zərbə alacağını bilə-bilə bu addımlara gedir.
Daha bir maraqlı nüans isə həm də odur ki, işğal altındakı ərazilərdə ermənilərin köçünün kütləvi hal alması şəraitində ermənilər təxribata gedir. Bu arada düşmən ölkədə açıq etiraf olunur ki, apreldə məlum hadisələrdən sonra Azərbaycan ordusu işğal altındakı Qarabağətrafı rayonların üçdə bir hissəsinə nəzarəti ələ alıb. Hər şey apreldə "dördgünlük müharibə" zamanı Talış kəndini tərk edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı ortaya çıxıb. Qeyd edək ki, işğal altındakı Talış kəndi və ətraf bölgələr Azərbaycan ordusunun nəzarəti altındadır. Ordumuz buna "dördgünlük müharibə" zamanı işğaldan azad etdiyi yüksəkliklər hesabına nail olub. Hazırda Ordumuzun əlində olan yüksəliklər 10 kilometrlərlə əraziyə nəzarət etmək imkanı verir. Ermənilərin geri qayıtmaq istəməməsinin səbəbi də budur.
Belə bir vaxtda Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talış kəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa çağırıb. Daha sonra o, Azərbaycan Ordusunun daha çox əraziyə nəzarəti ələ aldığını da etitaf edib: "Əgər düşünürüksə ki, Azərbaycan əsgərlərinin nəzarəti altında olduğuna görə o ərazilərə qayıtmamalıyıq, o zaman digər əraziləri də tərk etməliyik. Çünki onlar ərazilərin 1/3 hissəsinə nəzarət edir. O zaman nəzarət altındakı digər ərazilərdə də məskunlaşmaq doğru deyil. Hesab edirəm ki, biz belə düşünməməliyik və insanlar geri qayıtmalıdır". E.Şarmazanov geri qayıdanlara pul veriləcəyi vədini də verib. Amma ermənilər geri qayıtmır. Ermənistanın "lragir" saytı isə yazır ki, aprel müharibəsində qaçan ermənilərin yarısı Xankəndində, yarısı da İrəvanda yaşayır. Sayt əlavə edib ki, məsələ onların geri qayıdıb-qayıtmaması yox, Ermənistanın aprel müharibəsində dəyişən sərhədlərlə artıq razılaşmasıdır: "Serj Sarkisyan Sankt-Peterburq görüşündən sonra mülki geyimdə dəyişmiş sərhədlərə baxış keçirdi. Əslində, onun mülki formada olması yeni reallığı qəbul etməsi idi". İndi belə bir vaxtda atəşkəsin ermənilər tərəfindən pozulması, qeyd olunduğu kimi, düşmənə daha baha başa gələ bilər. Amma Ermənistan daxilindəki vəziyyət fonunda Sarkisyan iqtidarının atəşkəsi intensiv pozmaqda davam edəcəyi də istisna olunmur.
Nahid SALAYEV