Suriyada illərdir davam edən vətəndaş müharibəsinin qarşı-qarşıya gətirdiyi ABŞ və Rusiya arasındakı gərginlik artır. Baki-xeber.com xəbər verir ki, bu dəfə də Rusiya ABŞ donanmasının gəmilərini qəbul etməyə hazırlaşan Norveçə sərt xəbərdar edib.
Rusiya Müdafiə və təhlükəsizlik komitəsinin sədri Frants Klinseviç norveçlilərin ABŞ əsgərlərinin ölkədə yerləşdirilməsinin cəzasını çəkəcəklərini bəyan edib: "Bu Norveç və norveçlilər üçün çox təhlükəlidir. Buna necə reaksiya verməliyik? Norveçi əvvəllər strateji silahlarımızın hədəfi siyahısına qoymamışdıq. Amma bu vəziyyət reallaşsa, norveçlilər bunun ağrısını çəkəcəklər".
Rusiyadan gələn bu çox sərt reaksiyanın ardından Norveç müdafiə naziri Ine Eriksen Soreide bildirib ki, burada Moskvanın narahatlığına səbəb olacaq heç nə yoxdur: "Rusiyanın bu şəkildə reaksiya verməsinə səbəb olacaq bir vəziyyət yoxdur. Amma ruslar, NATO ölkələrinin etdiyi az qala hər şeyə bu şəkildə reaksiya verirlər".
Qeyd edək ki, ABŞ-ın hərbi birliklərini göndərəcəyi Norveçdəki Vaernes bazası Rusiya-Norveç sərhədinin min kilometrliyində yerləşir. 1949-cu ildən indiyə kimi NATO üzvü olan Norveçdə ABŞ-ın hərbi vəsait anbarı kimi istifadə etdiyi, dağların altında açılmış tunellər var.
NATO ölkələri bir neçə gün əvvəl Rusiya sərhədində olan Şərqi Avropa və Baltik ölkələrinə hərbi birliklər göndərmək qərarı verib.
TAHİR