Üzeyir Cəfərov: "Oktyabrın sonlarında düşmən böyük qüvvə ilə əvvəl itirdikləri mövqeləri geri qaytarmaq üçün hərəkətə keçib"
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunmaqdadır. Bir neçə gündür erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edərək bildirib ki, təmas xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
Müdafiə Nazirliyindən verilən son məlumata görə, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ermənistan cəbhədə bu cür gərginlik yaratmaqla nə əldə etmək istəyir?
Millət vəkili Zahid Orucun sözlərinə görə, son günlər ermənilərin aktivləşməsində və bununla vəziyyətin gərginləşməsində hərbi elementlərlə yanaşı, siyasi elementlər də mövcuddur: "Aprel döyüşlərinin ermənilərdə yaşatdığı şok Ermənistanda bir müddət çəkdi. Serj Sarkisyan hökuməti istefaya göndərməklə bu vəziyyətdən çıxdı. Ermənistanın yeni baş naziri və müdafiə naziri apreldən öncəki vəziyyəti bərpa etmək üçün Azərbaycana güc göstərməklə vəziyyəti dəyişmək istəyir. Lakin o da bəllidir ki, ermənilərin bu atəşlərinə və təxribatlarına qarşı Azərbaycanın cavabı çox kəskin olur. Məhz bunun nəticəsidir ki, son aylarda İrəvana gedən tabutların sayı artıb".
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, artıq neçə vaxtdır ermənilərin cəbhədə bu cür təxribata əl atacağı gözlənilən idi. Bunun bir sıra faktorlarla bağlı olduğunu deyən Ü.Cəfərov vurğuladı ki, Ermənistana hazırda yeni müdafiə naziri təyin olunub: "ATƏT 20 il ərzində Ermənistana gözün üstündə qaşın var deməyib. Onların ermənilərdən yeganə xahişi budur ki, cəbhə bölgəsi gərginləşməlidir ki, prezidentlər arasında növbəti görüş təşkil olunsun. Dinamikaya baxsaq, bir müddət atəşkəs 5-10 dəfə pozulurdusa, artıq pozuntuların sayı 40-ı keçib. Oktyabrın sonlarında düşmən böyük qüvvə ilə əvvəl itirdikləri mövqeləri geri qaytarmaq üçün hərəkətə keçib. Amma bizim ordunun sayıqlığı nəticəsində onların təxribatının qarşısı alınıb. Bir gün öncə isə iriçaplı silahlardan mövqelərimiz atəşə tutulub. Bu o deməkdir ki, aprel döyüşlərinə bənzər hadisələr baş verə bilər. Bu isə vəziyyəti istənilən an toqquşma səviyyəsinə gətirib çıxara bilər. Beynəlxalq qurumların da istədiyi budur ki, yenidən toqquşma baş versin və beynəlxalq güclər də iki tərəfi görüşdürmək üçün səylər həyata keçirsin".
Məhəmmədəli QƏRİBLİ