Türk dünyasında tanınan yazıçı, jurnalist, milliyyətçi İsmayıl Qaspıralı 1851-ci ildə Bağçasarayın Qaspıra kəndində anadan olub. İlk təhsilinə Bağçasarayda başlayıb, orta məktəbi isə Ağməsciddəki rus orta məktəbində bitirib. Daha sonra Voronejdəki rus hərbi məktəbində təhsilini davam etdirib. Bu məktəbdə yaxşı oxuduğunu nəzərə alaraq onu mərkəzə, Moskva hərbi məktəbinə keçiriblər.
Fəqət buradakı panslavizmə qarşı duyduğu hisslər nəticəsində türkçülük fikrinə yönəlib və həyatının sonunadək bu fikirlə yaşayıb, yaradıb, türk dünyasının dərdini özünə dərd, sevincini sevinc edib. Türklük eşqi ürəyini alışdırıb, panslavizmə duyduğu hisslərinə qalib gələ bilməyib və nəticədə Moskva hərbi məktəbindən ayrılıb. Bu ayrılıqdan sonra 1872-ci ildə Parisə, 1874-cü ildə isə İstanbula gedərək zabit olmaq istəyib, fəqət bu istəyini həyata keçirə bilməyib və təkrar Krıma qayıdıb.
Krımda yazıçılıq həyatına başlayıb. 1878-ci ildə Bağçasaray Bələdiyyə rəisliyinə seçilib. 1879-cu ildə qəzet nəşr etdirmək təşəbbüsündə olub. Fəqət bu təşəbbüsünə Rusiya izin vermədikdə, "Rusiya müsəlmanları" adlı əsərini Ağməsciddə nəşr etdirib. Sonra bu əsərini hissə-hissə "Travrida qəzeti"ndə xalqa çatdırıb. İki il sonra təsis etdirdiyi "Tercümani Ahvali Zaman" qəzetini nəşr etdirməyə başlayıb. İsmayıl Qaspıralının həyatında çox böyük əhəmiyyəti olan bu qəzet 1883-cü ildən İsmayıl bəyin həyatının sonunadək fəaliyyətdə olub. Bu qəzet İsmayıl Qaspıralının fikir və siyasi fikirlərinin önəmli tərəfi olan dil birliyi davasını müdafiə edib, türkün birlik, bərabərlik və inkişafı mövzusunda olan düşüncələrini açıqlayıb. Türk dünyasının tarixi şəxsiyyəti İsmayıl Qaspıralı, "Türk milləti bir bütündür! Coğrafi ayrılıqlar və dildəki ləhcə fərqlilikləri bütünlük mövzusunda mənfi təsir göstərməməlidir", - deyirdi.
Təhsil məsələlərilə də yaxından maraqlanan İsmayıl Qaspıralı Rusiyadakı türklərin asanlıqla oxuyub yazmalarını təmin etmək üçün "Üsu-li-cedid" (yeni üsul) deyilən bir üsul ortaya qoyub və bu üsulu inkişaf etdirməyə başlayıb, yəni yeni üsulla məktəblərin yaradılması və yayılması yolunda fəaliyyət göstərib. Bu arada Türküstana, Misirə, Hindistana gedərək oradakı müsəlmanları zamanın tələbinə uyğun oyandırmağa çalışıb. 1909-cu ildə İstanbula qayıdıb. Burada böyük maraq cəzb edən İsmayıl Qaspıralı ittihadçıların türkcü qanadı tərəfindən təklif edilən üzvlüyü qəbul etməyib, həyatının sonuna qədər qəzetinə rəhbərlik edib. Türk dünyasının tarixində çox əhəmiyyətli yeri olan İsmayıl Qaspıralı 1914-cü ildə vəfat edib.
Dildə, fikirdə, işdə birlik İsmayıl bəyin təməl görüşü olub. Rusiya türklərinin varlıqlarını qorumaları üçün ortaq bir yazı dilinə sahib olmaları görüşünü, ortaq hərəkatın ancaq bu birlik təmin olunduqdan sonra həyata keçirilə biləcəyi fikrini həyatı boyunca müdafiə edib və bunun üçün çalışıb.
XIX əsrin sonlarında Krımda bir adam ortaya çıxdı. Onun əlində elə güclü, elə təsirli bir silahı vardı ki, türklər arasında dolaşan "fitnə" düşməni qorxusundan tir-tir əsərdi... O igid kişinin qarşısında süni ayrılıqlar bitər, hünəri fitnə olan şeytan künc-bucağa qaçardı...
Onun silahı çağın ən üstün silahı idi...
Onun olduğu meydan çağının əsgər meydanı idi...
O ər kişinin silahı fikirdi, qələmdi, sözdü!..
Bəlli ki, əl almışdı Yolluq Tiqindən, Qaşqarlı Mahmuddan, Nəvaidən... Onun dərdi hər şeydən öncə türk dili idi. Onun idealı bütün türkləri dildə, fikirdə, işdə birləşdirmək idi! O, Mətə xanın yetişdiyi nəticəyə çağının üsulları ilə çatmaq istəyirdi.
XIX əsrin sonlarında Krımda bir adam ortaya çıxdı... Mən deyim Yəsəvi dilli... Sən Özbək xan heybətli bir dahi de!.. O, türk dilini İslam imanının qanadı edən Yəsəvinin milli işığını vəsf edənlərdən və "Var olsun türk!" deyənlərdən idi. Onun hər sözü, ürəyi türk üçün vuranlara tərcüməçiydi. O, belə deyirdi: "Biz türklərin Kabulü-islamdan müqəddəm milli yazımlarımız vardı. Kabulü-islamdan sonra elm və ədəbiyyat meydanında bir çox xidmətlərimiz göründü. Bunlar istedadi-mədəniyyətimizin nişanələridir. Var idik, var olacağıq..."
Özbək xan qarşısında Moskva Şahzadəsi Yuriy necə titrəmişdirsə, o da çağının ruslarını eləcə titrətdi... Belə ki, o igid türkdən qorxan bir rus elm adamı Rusiya prokuroruna göndərdiyi məktubda: "Bu adam Rusiyadakı türkləri çağın elmi ilə təchiz etmək və onları Türkiyə türkcəsinin təsiri ilə birliyə götürmək istəyir", - deyirdi.
Krımda doğulan o adam İsmail Qaspıralı idi!
O zaman Osmanlı türkləri Giritdə savaşırdılar. Gənc Qaspıralı etinasız qala bilməzdi. Bəli, o bir Krım türkü idi. Nə fərqi vardı ki? Bütün türklər sevincdə, kədərdə ortaq olmalı idilər. Buna görə də Osmanlı türkünə yardım etməliydi. O, dərin-dərin düşündü və İstanbula gedib Girit müharibəsində türk qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı vuruşacağına qərar verdi. Fəqət gəmiyə mindiyi zaman tutuldu, arzusu gerçəkləşmədi, amma ürəyindəki "Harada bir türk varsa, onun dərdi mənim dərdimdir" prinsipini yaşatdı.
İsmayıl Qaspıralının ən çox qiymət verdiyi sahə təhsil sahəsi idi. O, bütün türkləri savadlandırmaq istəyirdi. "Bunun yolu bir qəzet nəşr etməkdir", - deyə düşündü. Bu elə bir qəzet olmalı idi ki, qəzetin dili türk birliyinə və türk xalqları arasında türkcənin ən çox istifadə edilən bir dil halına gəlməsinə xidmət etməli idi. O zaman türklər arasında ən çox istifadə olunan şivə Anadolu türkcəsi idi. O halda, qəzet Türkiyə türkcəsilə çıxmalı idi. Elə də etdi!
1883-cü ildə çıxmağa başlayan "Tərcüman" qəzeti 31 il boyunca İsmail Qaspıralının birlik, bərabərlik və inkişaf üzrə olan düşüncələrini açıqladı. Qəzet çapı ilə yanaşı, onun bir çox kitabı da nəşr olundu. Bütün ömrü boyunca bu ulu atamız dara düşən hər bir türkün məsələsi ilə yaxından maraqlandı.
Türk milləti bir bütündür. İsmail Qaspıralı bu qatı həqiqətə inanırdı. Coğrafi ayrılıqlar, dildəki ləhcə fərqlilikləri birlik məsələsində mənfi təsir göstərə bilməzdi! Çünki türk dili bir bağ olaraq dururdu. Bu gösəl dilimiz ərəb və fars kəlmələrindən təmizlənməli idi. Krımdakı, Bakıdakı, Daşkənddəki, Alma-Atadakı bir türk İstanbulda və ya Bişkekdə nəşr olunan bir kitabı rahatca oxuya bilməlidir! Bu onun dəyişməz idealı idi! "Tərcüman" qəzeti bu idealın həyata keçməsinə bir vasitə olmuşdu. Həqiqətən də, qısa bir zamanda "Tərcüman" qəzeti türk dünyasında ehtiyac duyulan bir qəzet halına gəlmişdi.
İsmail Qaspıralının xüsusilə dildə birlik şüarı türklüyün uğur açarı idi. Fəqət ruslar Anadolu türkcəsinin öz təsirləri altında olan türklərə öyrədilməsinə izin vermirdilər. Özbək,
qirğız, azəri, qasax, türkmən qardaşlarımız bu ləhçədən uzaq tutulurdular. Əlbəttə, soyu, dini, tarixi, mədəniyyəti bir olan uca bir milləti kiçik parçalar halında tutmaq onlar üçün əlverişli idi.
Ruslar özlərini haqlı hesab edirdilər. Onların qoca bir ictimaiyyəti istədikləri kimi idarə etmələri, əlbəttə, doğru deyildi. Bu da bir həqiqətdir ki, Türkcənin bu acı vəziyyəti, Çar Rusiyasından sonra bolşevik hakimiyyəti zamanında daha da pisləşdi. Bolşeviklər hər türk xalqına "ayrı millət" şüuru verə bilmək üçün onlara öz şivələrini inkişaf etdirməyi hədəf seçdilər.
Türk milləti üçün dildə birlik çox önəmli idi. Qaspıralı bunu çox yaxşı bilirdi. O, bu önəmli işi həyata keçirmək üçün çox çalışdı. Krımda bir çox konqreslər təşkil etdi. Onun rəhbərlik etdiyi Rusiya müsəlmanları konqresinin 1906-cı ildəki son iclasında qəbul etdiyi qərarları çar höküməti həyata keçirmiş olsaydı, tək Rusiyadakı türklər deyil, ruslar özləri də dinclik içərisində olardılar. Hətta bu prinsiplər həyata keçirilsəydi, bolşeviklərin 1917-ci il inqilabı bəlkə də baş verməzdi. Çünki konqres o son iclasında istər sosial həyat, istərsə də Rusiyanın ümumi vəziyyətinə yaraya biləcək qərarlar almışdı. Fəhlələrin problemləri, əmək haqqı, Rusiyanın tək bir insan tərəfindən idarə olunması sistemi içərisində çağdaş bir quruluşa qovuşdurulması kimi o günün Rusiyasının ehtiyac duyduğu qaydalar konqresin qərarları arasında idi.
Şübhəsiz, İsmail Qaspıralının rəhbərliyi altında toplanan konqresin qəbul etdiyi maddələr arasında olan 30-cu maddə çox önəmli idi. Bu maddə belə idi:
"Əbədi türk dilinin öyrədilməsinə əhəmiyyət veriləcəkdir. Bu dərs türk tələbələri üçün orta məktəblərdə məcburi olub, imkan daxilində ibtidai məktəblərdə də oxudulacaqdır..."
İsmayıl Qaspıralı maarifçilik və jurnalistik fəaliyyəti ilə yanaşı, qabaqcıl ziyalılarla birgə türk millətinin siyasi və iqtisadi inkişafı uğrunda mübarizələrin də həmişə önündə olub. O, Rusiya türk-müsəlmanlarının istər siyasi, istər iqtisadi və mədəni baxımdan problemlərinin həll olunmasında həmişə öncül mövqe tutub.
Qaspıralıdakı türklük eşqinin bəslədiyi çalışma əzmi bitmək bilmirdi... Onu Orta Asiyada birlik, bərabərlik uğrunda şəhər-şəhər gəzib-dolaşarkən görənlər, İstanbulda onu "tanıyan adamlarla" söhbətdə olanlar demək olar ki, heç çaşmırdılar. Çünki İsmayıl Qaspıralı, sözün əsl mənasında həqiqi bir türk sevdalısı idi. Bununla yanaşı, o böyük insan dünya müsəlmanlarının geri qalmalarının səbəblərini axtarar, üzərində baş sındırar, bunun həlli üçün addımlar atardı. İndiki zamanda millətlərarası İslam konfrans və birliklərinin ilk toxumlarının atılmasında bu fikir qəhrəmanının əməyi çox böyük olub. Misirdə Qahirə küçələrində "Buxara çapanı" geymiş İsmail Qaspıralı dünya müsəlmanları konqresinin hazırlıq narahatlığını yaşayıb.
Onun gözü şanda, şöhrətdə, vəzifədə, mövqedə, ünvanda deyildi. Belə ki, İstanbulda 1912-ci ildə Osmanlı Məclisində milliyətçi türklər İsmail Qaspıralıya "Ayan-senator" olmasını təklif etdilər, fəqət o bunu qəbul etmədi...
İsmail Qaspıralı 1914-cü ildə vəfat etdiyi günə qədər Baxçasarayda dünya türklərini mətbuat yolu ilə işıqlandırmaqda davam edib. O, fikir baxımından Namik Kamal, Ziya paşa və Şinasinin fikirlərini mənimsəyib, dini baxımdan məşhur islahatçı Camaləddin Əfqaninin təsiri altında qalıb.
XIX əsrin sonlarında Qızıl ordu məkanında bir əsgər ortaya çıxdı... Əlində güclü bir silah vardı. Onun silahı: fikirdi, qələmdi, sözdü!
O, bir krımlıydı. Həqiqətdə isə bir türk harada idisə, o da orada idi, türklük uğrunda hər çiləyə qatlanırdı!... Onun adı İsmail Qaspıralı idi!.. Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə anmağa borcluyuq.
Ruhu şad olsun!
Fazil QARAOĞLU, professor