Əli Orucov: "Belə olan halda, Azərbaycan çəkinmədən düşmənə güclü zərbə endirməlidir"
"Azərbaycanın ərazi bütövlüyü kompromis mövzusu ola bilməz. Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər. Əgər gələcəkdə biz razılığa gəlsək, bu özünüidarəetmə muxtar respublika formasında da ola bilər".
Bunu bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mətbuatına müsahibəsində demişdi. Bununla yanaşı, ölkə Prezidenti bu istiqamətdə kompromisin mümkün olduğunu demişdi: "Ağıllı kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgə yaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi nəticəsində mümkündür. Biz münaqişənin həllini bu cür görürük".
Göründüyü kimi, Azərbaycan tərəfinin təklif etdiyi muxtar respublika statusu muxtar vilayət statusundan qat-qat böyük və genişdir. Halbuki, Dağlıq Qarabağ heç vaxt belə böyük statusa malik olmayıb.
Ancaq Ermənistan parlamentinin sədr müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanovun verdiyi açıqlamadan belə məlum olur ki, onlar buna getmək istəmir: "Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulmur. Erməni tərəfinin Qarabağ məsələsində dəqiq mövqeyi var. Hansı ki, dəyişməyib və dəyişməyəcək. "DQR" müstəqil dövlət olmalıdır və hər hansı statusda Azərbaycanın tərkibində ola bilməz".
Şarmazanov bununla Ermənistanın Dağlıq Qarabağ üzrə konstruktiv danışıqlardan yayındığını, rəsmi İrəvanın münaqişənin həllində sülh istəmədiyini etiraf edib.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ermənilərin bu cür qeyri-konstruktiv mövqe sərgiləyəcəyi gözlənilən idi: "Çünki ermənilər bu oyunu ta əvvəldən muxtar dövlət statusuna yiyələnmək üçün başlamayıb. Onların məqsədi Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməkdir. Necə ki, ötən əsrdən başlayaraq torpaqlarımızı işğal ediblər. Belə olan halda, Ermənistandan kompromis gözləmək real görünmür. Dağlıq Qarabağ üçün muxtar respublika statusu kifayət qədər böyük səlahiyyətdir. Əvvəllər də Azərbaycan tərəfi bəyan edib ki, lazım gələrsə, Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, münaqişənin lap əvvəldən başlanmasının səbəbi Ermənistanın Azərbaycana olan ərazi iddiaları idi. Halbuki, erməni lobbisi və erməni millətçiləri guya Dağlıq Qarabağda erməni icmasının hüquqlarının pozulduğunu və Dağlıq Qarabağın Azərbaycanın digər bölgələri ilə müqayisədə sosial-iqtisadi inkişaf göstəricilərinin geri olduğunu bəyan ediblər. Ən nəhayət, guya Qarabağın tarixən erməni xalqına məxsus olması ilə bağlı tarixi reallıqları özündə ehtiva etməyən cəfəng iddialarla çıxış edirdilər. Eduard Şarmazanovun açıqlaması onu göstərir ki, Ermənistan konstruktiv danışıqlara getməyəcək. Bu həm də onu göstərir ki, işğalçı tərəf aprel döyüşlərindən nəticə çıxarmayıb. Belə olan halda, Azərbaycan çəkinmədən düşmənə güclü zərbə endirməlidir". Vidadi ORDAHALLI