Qabil Hüseynli: "Biz bilmirik ki, pərdə arxasında onu necə təlimatlandırırlar..."
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulmur. Bunu Ermənistan parlamentinin sədr müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu qurumun icraçı orqanının iclasından sonra verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, erməni tərəfinin Qarabağ məsələsində dəqiq mövqeyi var: "Hansı ki dəyişməyib və dəyişməyəcək".
"DQR" müstəqil dövlət olmalıdır və hər hansı statusda Azərbaycanın tərkibində ola bilməz ", - deyə E.Şarmazanov Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistanın konstruktiv danışıqlara hazır olmadığına işarə edib.
Ermənistanın prezidentlərin görüşündən yayınması nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi Ermənistanın işğal altında saxladığı torpaqları qaytarmaq istəməməsilə bağlıdır: "Göründüyü kimi, həmsədrlərin regiona budəfəki səfəri də boşa çıxdı. Çünki onların başlıca məqsədi prezidentlərin görüşünü təşkil etməklə bağlı idi.
Hesab edirəm ki, Ermənistanın bu dərəcədə arxayın davranışına rəvac verən amillər var. Biz bilmirik ki, pərdə arxasında onu necə təlimatlandırırlar... Hər halda, belə faktorlar olmasa, Ermənistan dünyaya meydan oxumaz. Rusiyanın tutduğu mövqe, yəni Ermənistana silah göndərilməsi, sülhyaratma prosesində iştirakla bağlı əvvəl verdiyi vədlərdən geri çəkilməsi onun ölkəsini təmsil edən həmsədrin davranışlarında da özünü göstərir. Fransa da Qarabağ nizamlanmasında o qədər fəal deyil. Doğrudur, sülh prosesini istəyir, amma bunun üçün həmsədrin deyil, dövlətin özünün xeyli dərəcədə fəal olması və prosesə müdaxilə etməsi lazımdır. Məsələn, Ukraynada prosesləri tənzimləmək üçün "Normand dördlüyü" formatında Almaniya və Fransa xeyli səylər göstərir, bu səyləri Azərbaycan üçün də dövlət başçıları səviyyəsində göstərmək olar. Bunu biz görmürük. Həmsədrlər səviyyəsində də görülən işlər kifayət qədər səmərəli deyil və buna görə də nəticəsi olmur. Tutaq ki, Uorlikin dediyi hər bir həmsədrin mövqeyini ifadə edir, axı bu heç nəyə təsir göstərmir. Onlar İrəvana gedəndə bir qədər fərqli danışırlar, yaxud da İrəvanda onların Bakıda verdikləri açıqlamalara sərt cavablar verilir. Yəni bu məsələ çox aşağı səviyyələrdə cərəyan edir və ona görə də nəticəsi olmur".
Məhəmmədəli QƏRİBLİ