Aqşin Əliyev: "Aydındır ki, bu variant Ermənistana sərf etmir"
Məlum olduğu kimi, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib.
Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir".
"Heç bir silahlı fəaliyyət münaqişənin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilməz". Bunu da Rusiya XİN-in xüsusi nümayəndəsi Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib.
O heç bir silahlı fəaliyyətin münaqişələrin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilmədiyini deyib: "Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir".
Zaxarovanın İlham Əliyevin status təklifilə bağlı tərəflərin razılığa gəlməsinin vacibliyini dilə gətirməsi hansı aspektdən şərh edilə bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Rusiyanın reaksiyası aydındır: "Yenə məsələni tərəflərin razılığına bağlayır. Onlar bilir ki, bu, Azərbaycan tərəfinin təklif etdiyi ən böyük kompromis variantdır. Ermənistanın niyə səsi çıxmadı? Çünki bu variantın kökündə torpaqların işğaldan azad edilməsi dura bilər. Azərbaycan tərəfinin mövqeyi belədir ki, status məsələsinə yalnız torpaqlar işğaldan azad ediləndən sonra baxıla bilər. Statusla bağlı da təklifini səsləndirdi. Əslində Rusiya tərəflər yox, məsələnin Ermənistandan asılı olduğunu deməli idi. Məlumdur ki, Prezident İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həllinin mümkün olduğunu bildirib. İlham Əliyev "Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər" deyib. Azərbaycan Konstitusiyasının 139-cu maddəsində Naxçıvan Muxtar dövlət kimi qeyd olunub. Yəni bu, Konstitusiyada öz əksini tapıb. Birinci maddədə yazılır ki, Azərbaycan unitar dövlətdir. Ona görə Azərbaycan daxilində hər hansı muxtariyyətin verilməsi heç bir mənfi nəticəyə gətirib çıxarmır. Dağlıq Qarabağın muxtar vilayət statusu 1991-ci il noyabrın 26-da ləğv olunub. Bir aydan sonra həmin tarixin 25 ili tamam olur. Azərbaycan bu muxtariyyəti yenidən bərpa edə bilər. Cənab Prezident də bunu nəzərdə tutub. Hüquqi cəhətdən burada heç bir problem yoxdur. Biz geri çəkilmək yox, əksinə, Dağlıq Qarabağın əvvəlki statusunu bərpa edirik. Burada Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir. Aydındır ki, bu variant Ermənistana sərf etmir".
Məhəmmədəli QƏRİBLİ