Elçin Mirzəbəyli: "Xəzərin sülh dənizi olmaq şanslarını bir qədər də artırır"
Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub. Bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib.
Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır.
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb.
İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Bu razılaşma Xəzərin statusunun tam müəyyən olunması üçün yol aça bilərmi?
Ekspert Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Tehranda qəbul edilən razılaşmanı ümumi aspektdən müsbət şərh etmək olar: "Razılaşma ilə bağlı onu deyə bilərəm ki, bu istiqamətdə bir müddət əvvəl Azərbaycan, Rusiya və Qazaxıstan arasında prinsipial razılıq olmuşdu. Yalnız İranla Türkmənistanın mövqeyi bir qədər fərqli idi. Xəzərin statusu 1958-ci ildə qəbul olunan Beynəlxalq Konvensiya əsasında müəyyən edilir. Qapalı dəniz olduğu üçün orta xətt prinsipi üzrə bölünüb. Bu baxımdan da İranın yeni iddialarla çıxış etməsi real görünmürdü. Çünki SSRİ ilə onun arasında vaxtilə imzalanan bütün razılaşmalar orta xətt prinsipi üzrə müəyyən olunub. Elan olunan bəyanatdan görünür ki, Xəzərin dibinin bölünməsilə bağlı prinsipial razılıq əldə olunub. Bu razılaşmanı Xəzərin statusunun tam müəyyənləşməsinə doğru atılan mühüm addım kimi dəyərləndirmək olar. Hesab edirəm ki, belə bir razılaşma Xəzərin sülh dənizi olmaq şanslarını bir qədər də artırır".
Məhəmmədəli QƏRİBLİ