Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir".
"Heç bir silahlı fəaliyyət münaqişənin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilməz". Bunu da Rusiya XİN-in xüsusi nümayəndəsi Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib.
O, heç bir silahlı fəaliyyətin münaqişələrin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilmədiyini deyib: "Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir".
Zaxarova deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə rusiyalı həmkarı Sergey Lavrov arasında 28 oktyabrda Moskvada baş tutacaq görüşdə tərəflər Rusiya, İran və Azərbaycan dövlət başçılarının Bakıdakı üçtərəfli sammitində əldə edilən razılıqları müzakirə edəcəklər.
Onun sözlərinə görə, tərəflər regional məsələləri, Rusiya-İran arasında Bakıda əldə olunan ikitərəfli razılaşmaları nəzərdən keçirəcəklər.