Elşən Mustafayev: "Dünyanın qabaqcıl dövlətlərinin Ermənistana Azərbaycan torpaqlarının işğalından imtina etmədiyi müddətcə sanksiya tətbiq etməsinin vaxtı çatıb"
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Münaqişənin həlli istiqamətində həmsədrlərin rolu ilə bağlı daim müzakirələr aparılır. Çünki bu birbaşa onların mandatına aid olan məsələdir. Bu məsələdə beynəlxalq ictimaiyyətin rolu nədən ibarət ola bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir: "Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nəhayət ki, mütləq surətdə səylərini artırmalıdır.
Biz daim münaqişənin sülh yolu ilə həllinin vacibliyinə toxunuruq. Ancaq başqa mənzərə alınır. Uzun illərdir status-kvo qorunub saxlanır. Təbiidir ki, bunun başlıca səbəblərindən biri də Ermənistana lazım olan səviyyədə təzyiqin edilməməsidir. Bütün beynəlxalq qurumlar və nüfuzlu dövlətlər bu məsələ ətrafında səfərbər olub hüququn aliliyini təmin etməlidir. Həmsədrlər 3 ölkədir. Yalnız onlarla məsələni yekunlaşdırmaq olmaz. Dünya ictimaiyyəti deyəndə biz fərqli anlamı başa düşürük.
Həmsədrlər Azərbaycanın işğal edilmiş ərazilərində status-kvonu pisləyən bəyanatla çıxış etdilər. Nə dəyişdi? Heç nə. Çünki təzyiq yoxdur. Təzyiq olsa, Ermənistan bu dərəcədə qeyri-konstruktivlik nümayiş etdirə bilməz. Azərbaycanın mövqeyi qətidir. Biz bildiririk ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını təcili azad etməlidir. Beynəlxalq ictimaiyyət, Aİ və ATƏT, eləcə də Yaponiya, Pakistan, İndoneziya kimi dünyanın qabaqcıl dövlətlərinin Ermənistana Azərbaycan torpaqlarının işğalından imtina etmədiyi müddətcə sanksiya tətbiq etməsinin vaxtı çatıb. Bu ölkə hətta BMT qətnamələrinə məhəl qoymursa, bütün dünya yaranmış özbaşınalığa, beynəlxalq hüququn ayaqlar altına atılmasına etirazını bildirməlidir".
Məhəmmədəli QƏRİBLİ