Qabil Hüseynli: "Təbii ki, bu cür kompromis variant həmsədrləri qane edir"
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı mətbuat konfransında Dağlıq Qarabağın gələcək statusu məsələsində Azərbaycanın nümayiş etdirdiyi mövqedən razılıq ifadə edib:
"Danışıqların elementlərinə qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və yerləşdirilməsi, əraziyə sülhməramlıların yerləşdirilməsi daxildir. Bütün bunlar müzakirə predmeti olacaq. Gələcək statusun müəyyən edilməsi məsələsi məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Prezidentlərin görüşləri zamanı onlar öz aralarında müxtəlif elementləri müzakirə edə bilər. Bu cür görüşlər davam etdirilməlidir. Qeyd olunan bütün elementlər paket kimi müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Artıq həmsədrlər qeyd ediblər ki, hazırkı status-kvo uzun çəkməyəcək".
Uorlik dövlət katibi Kerrinin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü zamanı bu məsələnin müzakirə olunduğunu xatırladıb. ATƏT-in Minsk Qrupunun həmsədri qeyd edib ki, tərəflər arasında növbəti sammitin keçirilməsi müzakirələri üzrə iş gedir və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazır olduğunu bildirib.
Göründüyü kimi, Uorlikin timsalında ATƏT-in Minsk Qrupu adından İlham Əliyevin təklifinə dəstək verilib. Dağlıq Qarabağın gələcək statusu ilə bağlı İlham Əliyevin açdığı müzakirənin dəstəklənməsi nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Prezidentin Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında bəyanatına təbii ki, müsbət rəy verilməlidir: "Bilirsiniz ki, Prezident İlham Əliyev "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində bu fikri işlətdi. Dövlət başçısının "Dağlıq Qarabağa muxtariyyət verilə bilər" bəyanatı dünya ictimaiyyətinə birbaşa mesajdır. Həmçinin də ermənilərin işğalçılıq düşüncələrinə son qoyulmasıdır. Bununla biz iki böyük problemi həll etmiş oluruq: işğal rejiminə son qoyulur, Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Qarabağda yaşayan ermənilərə də öz müqəddəratını təyinetmə, yəni muxtariyyət statusu verilir. Bu, Azərbaycan tərəfdən edilə biləcək ən böyük güzəştdir. Bu məsələdə razılıq əldə olunsa və Dağlıq Qarabağa muxtar respublika statusu verilsə, belə olan halda, o bölgənin əhalisi əsas büdcədən dotasiya ala bilər. Həmçinin də Milli Məclisdə təmsil olunma haqqı əldə edər. Təbii ki, bu cür kompromis variant həmsədrləri qane edir. Bu səbəbdən də İlham Əliyevin açdığı müzakirənin dəstəklənib".
Məhəmmədəli QƏRİBLİ