Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin uzanmasının əsas səbəbinin Ermənistanın danışıqlar prosesində qeyri-konstuktiv mövqe sərgiləməsindən qaynaqlandığı sirr deyil. Azərbaycan isə dəfələrlə bəyan edib ki, danışıqlar prosesini sonsuza qədər uzatmaq istəmir və zərurət olacağı təqdirdə işğal altındakı əraziləri güc yolu ilə azad edəcək.
Hazırda isə rəsmi Bakının maraq dairəsində olan başlıca məqam beynəlxalq hüquq normalarının yerinə yetirilməsi, ən azından BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinin icra olunmasıdır.
Xatırladaq ki, bu məqama Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya dövlət başçısı Kolinda Qrabar-Kitaroviçlə görüş zamanı da xüsusi olaraq toxunub: "Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusən BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır".
Aydındır ki, Ermənistan danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyəcəyi halda, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan güc yolundan istifadə hüququndan yararlanmalı olacaq. İndiki şəraitdə isə müharibə Ermənistana böyük təsir gücünə malik Rusiya, eləcə də Qərb dövlətlərinin də maraqlarına cavab vermir. Görünür, elə bu səbəbdəndir ki, Ermənistanın Qarabağ məsələsində güzəştə getməsi üçün Rusiyanın bu ölkəyə təzyiqlərinin güclənməsi barədə yeni məlumatlar yayılır. Erməni mediası isə Rusiyanın sayəsində Türkiyənin də prosesə aktiv şəkildə qoşulduğunu yazır. Ermənistanın "1in.am" saytı bu fonda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq prosesinin getdiyini yazıb. Sayt yazır: "Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin Dağlıq Qarabağ münaqişəsində konstruktiv rolunu yenidən vurğuladı. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı iclasından Sergey Lavrovun "Türkiyə-Ermənistan sərhədlərinin açılması Qarabağ münaqişəsinin həllindən keçir" açıqlamasının davamı idi". Sayt Lavrovun açıqlamasına Ermənistan rəhbərliyinin əvvəlcə heç bir reaksiya vermədiyinə diqqət çəkib: "Daha sonra rəsmi İrəvan buna qarşı olduğunu bəyan etdi. Lakin Zaxarovanın eyni fikri yenidən təkrarlaması o deməkdir ki, Ermənistanın rədd etməsinə baxmayaraq, Moskva öz ssenarisini davam etdirmək niyyətindədir. Həm də bu ssenari olduqca ehtiyatlı aparılır. Rusiya Türkiyənin münaqişədə konstruktiv rolundan danışır. Bu, ilk baxışda pis deyil. Çünki Türkiyə konstruktiv rol oynayacaqsa, Ermənistan mühasirədən çıxacaq. Lakin bunun alt qatında ərazilərin Azərbaycana qaytarılması prosesi gedir".
Sayt yazır ki, Ermənistan ictimaiyyəti ərazilərin qaytarılmasına hazırlanır: "Moskva əvvəlcə erməni ictimaiyyətini Türkiyənin münaqişədəki roluna öyrəşdirir. Yəni birinci mərhələdə bu məsələ Ermənistanda müzakirə müstəvisinə keçir. Ermənistanın "Türkiyənin iştirakına yekdil inkar" mərhələsindən müzakirə mərhələsinə keçidi təmin olunur. Əslində, bunun çətin olmayacağı və Ermənistan rəhbərliyinin Türkiyənin münaqişənin həllində rolunu qəbul edəcəyi məlumdur. Bu baş tutandan sonra ikinci mərhələyə keçid olacaq. İkinci mərhələdə soyqırımın (qondarma "erməni soyqırımı") arxa plana keçidi təmin olunacaq. Üçüncü mərhələdə isə münaqişənin həlli və ərazilərin qaytarılması baş verəcək. Daha sonra türk və rus sülhməramlıları Qarabağa daxil olaraq, təhlükəsizliyi öz üzərlərinə götürəcəklər. Bu barədə Ankara və Moskva qapalı təmaslarda artıq razılaşıb".
Sayt onu da vurğulayır ki, Azərbaycan və Rusiya yaranmış geosiyasi şəraitdən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsini həll etməyə tələsir: "Bu, sadəcə regional yox, həm də geosiyasi proseslərin təzahürüdür. Suriya ətrafında baş verən geosiyasi oyunlar, həmçinin, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana fürsətdən istifadə etmək imkanı yaradıb. Bakı bu vaxtdan yararlanmaq üçün hərəkətə keçib. Bu baxımdan, yaxın vaxtlarda Qarabağ ətrafında ciddi hadisələrin olacağı gözləniləndir. Rusiya da öz planlarını həyata keçirmək üçün daha sürətlə hərəkətə keçəcək". Məqalədə bildirilir ki, Azərbaycanın əli güclüdür: "Bakı diplomatiyada yalqız olarkən Ermənistan üçün təhlükə yox idi. İndi Azərbaycan tək deyil və Türkiyə ilə yanaşı Rusiyadan da dəstək alır".
"Lragir" saytı da məhz Türkiyə-Rusiya anlaşmasına diqqət çəkərək, Moskvanın Qafqazda mövqelərini gücləndirmək istədiyini yazıb: "Regionda baş verən bütün proseslər Yaxın Şərqdəki gərginlik fonunda diqqət çəkir. Rusiya Ukrayna və Suriyada hərbi əməliyyatlar aparır. Bununla yanaşı, Rusiya Qafqazda öz mövqelərini gücləndirmək niyyətindədir və bu işdə ona Azərbaycan çox lazımlıdır. Türkiyənin Qarabağ münaqişəsinə töhfə verə biləcəyi ilə bağlı fikirlər də təsadüfən səslənmədi. Türkiyə və Azərbaycan Rusiyanın əli ilə Ermənistanı hansısa plana razı olmağa məcbur edəcək. Bu, ilk növbədə ərazilərin qaytarılmasını nəzərdə tutur". Hər halda cari ilin sonuna kimi bu istiqamətdə müəyyən addımların atılması gözlənir.
Nahid SALAYEV