Aqşin Əliyev: "Legitimliyi olmayan bir qurumla təmas qurmaq missiyanın özünü hörmətdən salır"
Oktyabrın 24-də ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyo (Fransa) ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin müşayiəti ilə Dağlıq Qarabağa səfər edib.
Ermənistan KİV-nin verdiyi məlumata görə, həmsədrlər qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüş keçirib. Xatırladaq ki, səfər fransalı həmsədr Pyer Andriyo üçün bu statusda sonuncu səfər olub. Onu fransalı həmsədr Stefan Viskonti əvəzləyəcək.
Həmsədrlərin qondarma qurumun rəhbərilə görüşməsi üçün bir əsas varmı?
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı hesab edir ki, ATƏT-in Minsk Qrupu yarandıqdan bir il sonradan etibarən həmişə bu qurum haqda mənfi rəydə olub: "Bu təşkilat barədə fikirlərim mətbuatda dəfələrlə dərc olunub, Milli Məclisdə səslənib. İlk dəfə olaraq onlara "turist qrupu" adını vermişəm. İndiyə kimi də bu ad səslənir. Dünyanın müxtəlif guşələrində görüşlər keçirirlər. Guya bu problemi həll edəcəklər. İndi problemin həlli üçün Dağlıq Qarabağa səfər etmələri vacibdir. Gedirlər, orada görüşlər təşkil edirlər. Amma həmsədrlərin qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı altında şəkil çəkdirməsi yəqin ki, erməni tərəfinin oyunudur. Minsk Qrupunun, demək olar ki, heç bir fəaliyyəti yoxdur. 20 ildən artıqdır onlar məsələnin həllini uzadırlar. Məqsədləri məsələni uzatmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllini düyünə salıb, həll etməməkdir. Açıq-aşkar hazırda Avropanın və Qərb dövlətlərinin niyyəti Azərbaycanı güzəştə vadar etməkdir. Hansı güzəştdən söhbət gedə bilər? Onsuz da Ermənistandan bütün azərbaycanlılar çıxarılıb, amma Azərbaycan ərazilərində ermənilər yaşayır. Bundan artıq nə güzəşt ola bilər? Məxsusi olaraq da 7 rayon qeyd-şərtsiz qaytarılmalıdır və Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. Bu həm BMT-nin qətnamələrində qeyd olunub, həm bir sıra beynəlxalq təşkilatların bu barədə müvafiq qərarları mövcuddur. Avropa Şurasında dəfələrlə müzakirə olunub. Minsk Qrupu bunu tələb etməlidir".
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, həmsədrlərin qondarma qurumun rəhbərilə görüşməsinə heç bir lüzum görmür: "Sanki bununla onları müstəqil tərəf kimi təqdim etməyə çalışırlar. Bilirsiniz ki, həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərilə görüşləri indiyə kimi heç bir nəticəyə səbəb olmayıb. Çünki bunun kökündə duran məsələ bizə bəllidir. Ermənistan qeyri-konstruktiv mövqe göstərir, həmsədrlər onu bu yoldan döndərmək üçün heç bir təzyiq vasitəsinə əl atmır. Bunun da nəticəsində torpaqlarımızın işğal altında qalması davam edir. Cənab Prezident də bu günlərdə Ermənistana konkret təzyiqin edilməsinin zəruriliyindən danışdı. Bütün bunlar qalıb bir tərəfə, həmsədrlər qondarma qurumun rəhbərilə görüşür. Danışıqlar prosesində görüşmək lazımdırsa, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması ilə birlikdə görüşülməlidir. Çünki, bildiyiniz kimi, Azərbaycanda belə icma fəaliyyət göstərir. Qeyd edək ki, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsində həmin icmaların fikirlərinə önəm veriləcək. Bir sözlə, bu ciddi bir faktordur, amma heç də bunu Dağlıq Qarabağdakı qondarma qurumun rəhbərliyilə səhv salmaq lazım deyil. Legitimliyi olmayan bir qurumla təmas qurmaq missiyanın özünü hörmətdən salır. Buna lüzum yoxdur".
Məhəmmədəli QƏRİBLİ