“Aprel hadisələri çoxsaylı insan itkisinə səbəb oldu, lakin tərəflər bir-birini günahlandırmamalıdır”. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin hadisələr göstərib ki, sülh danışıqları çox vacibdir: “Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu bizim apardığımız danışıqlar üçün çox vacib təməl təşkil edir. Ümid edirik ki, atəşkəsə hörmət davam etdiriləcək. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların nəticəsidir. Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq”.
"Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq”. Bu sözləri də C.Uorlik deyib. O bildirib ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsi müzakirə olunursa, eyni zamanda status məsələsi də müzakirə olunmalıdır: “Münaqişənin hərtərəfli həlli barədə tez-tez danışılır. Biz anlamalıyıq ki, bütün elementlər müzakirə olunmalıdır. Biz hər hansı bir mövzunu seçib, onu ümumi kontekstdən kənar müzakirə edə bilmərik. Buraya qaçqın və məcburi köçkün məsələsi, sülhməramlı qüvvələrin mandatı məsələsi daxildir. Bunlar hamısı paket müzakirələrdir”.