Ramil Hüseynov: "Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən..."
Məlum olduğu kimi, Venesuela prezidenti Nikolas Maduro ötən həftə Bakıda səfərdə olub. Belə ki, səfər çərçivəsində Azərbaycan və Venesuela prezidentlərinin məhdud tərkibdə görüşü başa çatdıqdan sonra rəsmi sənədlərin imzalanması mərasimi keçirilib. Həmçinin iki ölkə prezidentləri - İlham Əliyev və Nikolas Maduro birgə bəyanat imzalayıb.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu"na Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imza atıb. Nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i də imzalayıb.
Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edib.
Bütövlükdə iki ölkənin XİN-ləri arasında imzalanan sazişi necə xarakterizə etmək olar?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə yönəlik bir addımdır: "Məsələ ondadır ki, Latın Amerikası dövləti olan Venesuela ilə Azərbaycan arasında əlaqələr elə də geniş deyil. Baxmayaraq ki, iki dövlət arasında bir sıra bənzərliklər, oxşarlıqlar var. Bu ondan ibarətdir ki, hər iki dövlət neft ölkəsidir. Azərbaycan kimi, Venesuela iqtisadiyyatının da əsasını neftdən gələn gəlirlər təşkil edir. Deyərdim ki, bu ölkədə sözügedən amilin rolu daha böyükdür. Başqa bir oxşar cəhət ondan ibarətdir ki, hər iki dövlət hansısa hərbi blokda təmsil olunmur. Bu da həmin dövlətlərin daha müstəqil siyasət yeritməsinə, çevik manevrlər etməsinə müsbət təsir göstərir. Hesab edirəm ki, bu və digər amillər bundan sonra iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə yardım göstərəcək. İki dövlət neft hasilatı ilə bağlı təcrübələrini paylaşa bilər. O cümlədən, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən, həyata keçirilən islahatlardan Venesuela faydalana bilər. Bu yöndə təcrübə mübadiləsi aparıla bilər. Çünki neftin qiymətinin ucuzlaşması bu ölkənin iqtisadiyyatına çox ciddi mənfi təsir göstərib".
Vidadi ORDAHALLI