Xəzər Teyyublu: "Bununla Ermənistan danışıqların mənasız olduğu mesajını verir"
ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanda olarkən onlara bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: "bir qarış da olsun torpaq verilməyəcək", hansı ki, "avtomatik strategiya olur".
Bu haqda erməni KİV-nə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib. Bu artıq təkcə təxribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə ermənilərin, sadəcə olaraq, meydan oxumasıdır.
Torpaqların bir qarışının da güzəşt olunmayacağından danışarkən Ermənistanda, təbii, Qarabağı və Azərbaycanın işğal edilmiş digər ərazilərini nəzərdə tuturlar.
Sual yaranır: onda danışıqlar, "konstruktiv danışıqlara hazırlıq" haqda Ermənistan prezidentinin bəyanatları nəyə lazımdır? Bir halda ki, Ermənistanın yeni hökumətinin proqramına "bir qarış da olsun torpaq verilməyəcək" prinsipi salınıb, danışıqları necə konstruktiv adlandırmaq olar? Axı söhbət başqa ölkənin - Azərbaycanın işğal edilmiş torpaqlarından gedir!
Amma yox, Ermənistanın yeni hökumətinin proqramında bir neçə yerdə özünü elan etmiş qurum - "Dağlıq Qarabağ Respublikası" xatırlanır. Ermənistanın özünün bu "respublika"nı tanımaması da çoxdandır heç kimi təəccübləndirmir. Doğrudur, hökumətin proqramında o var, amma elə ki, məsələ rəsmi tanınmaya çatır, Ermənistanın həm hökuməti, həm parlamenti, həm də prezidenti geri çəkilir. Məqsəd aydındır: mövcud status-kvonu saxlamaq.
Bir sözlə, İrəvanda çıxan "Lraqir" qəzetinin açıq yazdığı kimi, Ermənistan heç nə qaytarmağa hazırlaşmır, baxmayaraq ki, diplomatlar hələ də danışıqlarda iştirak edir və hansısa təkliflər irəli sürür.
Aydın və dəqiq ismarıcdır: Ermənistan heç nə qaytarmağa hazırlaşmır. Belədə başqa bir sual da yaranır: bir halda ki, tərəflərdən biri - Ermənistan nəinki güzəştlərə, hətta danışıqlara belə qəti surətdə hazır deyil, onda ATƏT-in Minsk Qrupu, həmsədrlər nə üçün və nəyə lazımdır?!
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan rəhbərliyi daim qeyri-konstruktiv mövqe nümayiş etdirib:
"Dəfələrlə bunun şahidi olmuşuq. Danışıqlar prosesində zərrə qədər də irəliləyiş olan kimi Ermənistan rəhbərliyinin diqtəsilə müəyyən təxribatlara əl atılıb. Bunlara aid yüzlərlə misal çəkmək olar. Təəssüflər olsun ki, bu hallara görə Ermənistana lazım olan cavab verilməyib. Münaqişənin həlli ilə məşğul olan diplomatlar yenidən onlarla masa ətrafında oturub. Yeni formalaşan hökumətin prinsipial bir məqamı öz proqramına salması çox narahatedicidir. Əslində bizim üçün qeyri-adi nəsə yoxdur. Çünki biz torpaqların kim tərəfindən işğalda saxlandığını bilirik. Qoy buna beynəlxalq birlik və Minsk Qrupunun həmsədrləri münasibət açıqlasın. Bir halda ki, hökumət rəsmi olaraq işğaldan əl çəkməmək kimi prinsipi özünün prioriteti elan edib, onda hansı nəticəyə ümid etmək olar? Bu halın aşkarlanması bir daha sübut edir ki, danışıqlar prosesi imitasiya xarakteri daşıyır və Ermənistan status-kvonun dəyişdirilməsində maraqlı deyil. Hesab edirəm ki, ATƏT-in həmsədrlərinin regiona səfəri ərəfəsində belə faktların dövriyyəyə buraxılması təsadüfi xarakter daşımır. Bununla Ermənistan danışıqların mənasız olduğu mesajını verir".
Məhəmmədəli QƏRİBLİ