"Atlas" Araşdırmalar Mərkəzi: "Çox güman ki, dəyişikliklər deyəndə bu nəzərdə tutulur"
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır: "Digər məsələ status məsələsidir.
Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik".
Göründüyü kimi, Uorlik bildirib ki, gələcək danışıqlar prosesində mümkün dəyişikliklər ətrafında da müəyyən danışıqların aparılması gözlənir. Yeni müzakirə paketinə aid edilən hansı dəyişikliklərdən söhbət gedir və gələcək danışıqlar bizə nə vəd edir?
"Atlas" Araşdırmalar Mərkəzindən verilən məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir və belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır: "Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında hesabat versinlər ki, vəziyyət nəzarət altındadır. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacağı hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyir. Ən pis halda isə iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər.
Görüş Ermənistan hakimiyyətinə ona görə lazımdır ki, status-kvonu uzada bilsin. Belə baxanda aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda keçirilən görüşlər də status-kvonun uzanmasına şərait yaratdı. Vyana və Sankt-Peterburqdakı görüşlər münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə, ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirmək fikri ilə yekunlaşdı. Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daim nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını daim təzyiq altında saxlamasına ziddir. Bunun nəticəsidir ki, apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Bu bizə lazım deyil. Belə çıxır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzanmasını təminat altına alır".
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb: "Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır. Minsk Qrupu həmsədrləri işğal altındakı torpaqların boşaldılmasını əvvəlki tək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirir. Bu haqda ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik bölgəyə səfər etmədən öncə açıq bəyan edib. Torpaqların boşaldılmasının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə şərtləndirilməsi münaqişənin "paket həllidir" ki, rəsmi Bakı danışıqların getdiyi 20 ildən çox müddətdə bu prinsipdən dəfələrlə imtina edib. Çox güman ki, dəyişikliklər deyəndə bu nəzərdə tutulur.
Ancaq bu, Azərbaycanın məqsədinə tərs düşür. Danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəgəl, Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı vaxt "torpaqların boşaldılmasından söhbət belə gedə bilməz" deyirsə, bu prosesə "yox" deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir".
Məhəmmədəli QƏRİBLİ