Günel Fərhadqızı: "Azərbaycanla Venesuela uzun müddətdir SVAP əməkdaşlığı üzrə danışıqlar aparır"
Məlum olduğu kimi, Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana rəsmi səfəri reallaşdı. Venesula neft ixrac edən ölkələr sırasına aiddir və OPEC təşkilatının üzvüdür. Eyni zamanda, həmin ölkə bloklara qoşulmamaq siyasətini yürüdür. Bu detalları xarakterizə edəndə bir müddət əvvəl Prezident İlham Əliyevin irəli sürdüyü tezis yada düşür.
Həmin vaxt Prezident OPEC üzvü olan və olmayan, habelə bloklara qoşulmayan ölkələrin sıx əməkdaşlığının vacibliyinə diqqət etmişdi. Venesuela ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini bu qəbildən olan görüşlər sırasına aid etmək olar. Prezident İlham Əliyevin tezisi üzrə qurulan əməkdaşlıq bizim üçün nə vəd edir?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, prezident səviyyəsində edilən səfərin çox böyük əhəmiyyəti oldu. Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır. Bizim diplomatik əlaqələrimiz mövcuddur. Ancaq əlaqələrimizin fəal dövrü bu ildən başlayır, xüsusilə də iqtisadi sahədə. Bilirsiniz ki, Azərbaycan və Venesuela neft ixrac edən ölkələrdir. Hər ikimiz Qoşulmama Hərəkatının üzvüyük. Venesuela da həmin hərəkatda təmsil olunur. Hətta bu yaxınlarda-sentyabr ayında Venesuelada Qoşulmama Hərəkatının zirvə görüşü baş tutdu.
Azərbaycan da bu tədbirdə fəal iştirak edib. Azərbaycan OPEC üzvü deyil, ancaq Venesuela ilə bir qədər əvvəl irəli sürülən OPEC və qeyri-OPEC ölkələri formatında əməkdaşlıq edir. Azərbaycanla Venesuela uzun müddətdir SVAP əməkdaşlığı üzrə danışıqlar aparır. Məndə olan məlumata görə, Belarusun Venesuela ilə neft kontraktları var. Azərbaycanın da ABŞ-la belə kontraktları mövcuddur. Ancaq məsafə baxımından biz Belarusa, Venesuela isə ABŞ-a yaxındır. Bu baxımdan qarşılıqlı barter üsulu tətbiq edilə bilər. Həmçinin bizim neft sahəsində olan təcrübəmizdən də yararlana bilərlər. İstənilən halda, bizim münasibətlərimizdə enerji faktoru ön planda olacaq. Bu bir daha göstərir ki, Azərbaycan çoxqütblü siyasət həyata keçirir".
Məhəmmədəli QƏRİBLİ