İlqar Vəlizadə: "Rotasiyanın özündən başqa, bu məsələ Fransanın son zamanlar bu prosesdə fəallıq göstərməsi ilə bağlıdır" "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə dəyişikliklərlə danışıqlar prosesini canlandırmaq və aktivləşdirmək üçün səy göstərməyə çalışır"
Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri dəyişib. Fransanın Azərbaycandakı səfirliyindən bildirilib ki, həmsədr Pyer Andriunu Stefan Viskonti əvəzləyib. Lakin S.Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil.
Diqqətçəkən məqam budur ki, Fransa bu addımı digər iki həmsədr ölkənin Qarabağ nizamlama prosesilə bağlı bədbin bəyanatlar verməsi fonunda atıb. Fransanın bu addımı nəyə hesablana bilər?
Politoloq İlqar Vəlizadə hesab edir ki, yeni həmsədrin təyin edilməsi Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşacağı anlamına gəlir: "Ancaq prosesdə hansısa irəliləyişin olması yeni həmsədrdən, onun fəaliyyətindən, eləcə də münaqişənin nizamlanması prosesi ətrafında yaranmış vəziyyətdən asılı olacaq.
Rotasiyanın özündən başqa, bu məsələ Fransanın son zamanlar prosesdə fəallıq göstərməsi ilə bağlıdır. Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hələ yayda elan edilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdədir. Lakin o aylarda baş verən proseslər, xüsusilə də Ermənistanda baş verən siyasi dəyişikliklər bu görüşü qeyri-müəyyən müddətə təxirə saldı. İstənilən halda, görüş plandadır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə dəyişikliklərlə danışıqlar prosesini canlandırmaq və aktivləşdirmək üçün səy göstərməyə çalışır. Eyni zamanda onların hər biri özlərinin hansısa məqsədlərini həyata keçirməyə çalışır".
Məhəmmədəli QƏRİBLİ