Qabil Hüseynli: "Hesab edirəm ki, bu cür doğru mövqeyin ifadəsi Azərbaycanın Qərblə münasibətlərinə heç bir formada təsir etməyəcək"
Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində deyib. Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur:
"Bu gün, təəssüf ki, biz belə birgə səyləri görmürük və belə olan halda, Rusiya tərəfinin yanaşması tam özünü doğruldur. Rusiya bəyan edir ki, terrorçulara, ekstremistlərə, radikallara qarşı səyləri birləşdirmək lazımdır". Dövlət başçısından müsahibəni "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov alıb. Prezidentin fikrincə, terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil. "Gec-tez bu məsələ bumeranq olacaq - tarix bunu dəfələrlə sübut edib. Lakin hələlik bu istiqamətdə konsensus görmürük, bu isə, əlbəttə ki, çox həyəcanvericidir", - deyə Prezident vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Suriya məsələsində Azərbaycanın Rusiyanın mövqeyini dəstəkləməsi məsələsini şərh edərkən bunları deyib: "Suriya məsələsində beynəlxalq birliyin Rusiyanı dəstəkləməsi regionda baş verənlərə real yanaşmadan xəbər verir.
Rusiya üçün ölkələrin yanaşmalarında KİV-də olan informasiya kampaniyasına deyil, faktiki vəziyyətə əsaslanmaları önəmlidir".
Prezidentin bu mövqeyi Qərblə Azərbaycan arasında problem yarada bilərmi?
Politoloq Qabil Hüseynlinin fikrincə, Prezident İlham Əliyev dövlətlərin maraqları nəzərindən çıxış edib: "Həmçinin, Rusiya ən yaxın strateji müttəfiqimizdir. Prezidentin həm Suriya məsələsinə, həm də Türkiyə-Suriya münasibətlərinə dair, son dövrlərdə Türkiyənin İŞİD-ə, PKK-ya qarşı apardığı antiterror əməliyyatları haqqında söylədikləri tam olaraq həqiqəti əks etdirir. Qardaş ölkənin Prezidenti kimi çox böyük təəssübkeşlik nümayiş etdirir. Bunu alqışlayıram.
Dünyanın hansı nöqtəsi olursa-olsun, Azərbaycan terrora qarşı mübarizəyə qoşulur. Prezidentin çıxışında bu notlar çox yüksək səviyyədə səsləndirildi. Bu o deməkdir ki, Azərbaycan terrorun qəti əleyhinədir. Yeri gələndə antiterror fəaliyyətinə dəstək vermək niyyətindədir. Azərbaycan terrorizmin bütün dünyada kökünün kəsilməsinin, insanların terrordan əzab çəkməməsinin tərəfdarıdır. Hesab edirəm ki, bu cür doğru mövqeyin ifadəsi Azərbaycanın Qərblə münasibətlərinə heç bir formada təsir etməyəcək".
Məhəmmədəli QƏRİBLİ