Arzu Nağıyev: "Dünyada bu qədər uzanan münaqişə ocağı, demək olar ki, yoxdur"
Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Xüsusilə də münaqişənin nizamlanması istiqamətində yay aylarında olan fəallıq nəzərə çarpmır.
ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri Azərbaycanda böyük narazılıqla qarşılandı. O, Aspen İnstitutu və "Atlantic" nəşrinin təşkil etdiyi "2016-cı il Vaşinqton İdeyalar Forumu"nda çıxış edərək beynəlxalq münasibətlər sistemində baş verən proseslər haqda fikirlər səsləndirib. İran, Suriya, Əfqanıstan, Ukrayna, Cənubi Çin dənizi və digər qaynar nöqtələrə dair ABŞ-ın münasibətini auditoriyaya çatdıran Kerri dondurulmuş münaqişələrə də toxunub və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı mövqe bildirib: "Müasir dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş münaqişələr var ki, onların həlli yolu görünmür, çünki liderlər buna hazır deyil".
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma münaqişənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək: "Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik".
Uşakovun fikirləri ilə bağlı açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur: "Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk Qrupu həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddiyyət təşkil edir. Həmçinin, bu açıqlama Rusiyanın xarici işlər naziri S.Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir".
Danışıqlar prosesində dinamikanın aşağı düşməsinə Suriyada gedən proseslərin təsiri ola bilərmi?
Ekspert Arzu Nağıyevin sözlərinə görə, həmsədrlərin səsləndirdiyi bədbin bəyanatlar əsasən ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gəlməməsindən irəli gəlir: "Bundan sonra məhz Rusiyanın nüfuz qazanmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq istəyi də nəticə vermədiyi üçün ABŞ artıq öz iradlarını burada da bildirməyə başlayır. Maraqlısı odur ki, hər iki dövlət ATƏT-in Minsk Qrupunda təmsil olunur.
Məlumdur ki, ABŞ-da noyabrda prezident seçkiləri keçirilməlidir və hazırkı ABŞ iqtidarı gələcəkdə qınaq obyekti olmamaq üçün bu cavabdehliyi kiminsə üzərinə qoymalıdır. Buna görə də beynəlxalq qurumlar ermənilər və onların havadarlarının qeyri-konstruktiv addımlarına reaksiya verməlidir.
Azərbaycan tərəfi ərazi bütövlüyümüz çərçivəsində istənilən danışıqda iştirak etməyə hazırdır və münaqişənin dondurulmuş halda saxlanması Ermənistanın xeyrinədir. Bu həm səhra komandirlərindən ibarət hakimiyyət nümayəndələrinin, həm də onların havadarlarının əsas məqsədi və məramıdır.
Hazırda Suriya hadisələri Dağlıq Qarabağ münaqişəsini təbii ki, ikinci plana çəkib. Dünyada bu qədər uzanan münaqişə ocağı, demək olar ki, yoxdur. Hərbi yolla münaqişənin həlli Azərbaycanın xeyrinə nəticələnə bilər, bu isə itkilər və bir sıra digər hadisələrlə müşayiət oluna bilər. Daha doğrusu, bu regionun alovlanmasına gətirib çıxara bilər. Məhz buna görə də BMT və digər beynəlxalq qurumların qərarları və qətnamələri çərçivəsində münaqişənin həllinə üstünlük verilməlidir və bu qurumlar da təcavüzkar ermənilər və onların havadarlarına iqtisadi və siyasi təzyiqləri artırmalıdır".
Məhəmmədəli QƏRİBLİ