Rusiya və Türkiyə arasında möhkəmlənən münasibətlərin regional proseslərə də təsiri qaçılmazdır. Belə görünür ki, bu ölkələr özləri də dünyanın müxtəlif geosiyasi maraq doğuran ərazilərində fəaliyyətlərini daha çox koordinasiya etməyə böyük maraq göstərirlər.
Məsələn, tərəflər arasında bir vaxtlar böyük ziddiyyət mənbəyi olan Suriyada indi müəyyən məqamlar üzrə ortaq məxrəcə çox asanlıqla gəlinir. Buna konkret nümunə kimi onu göstərmək olar ki, Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriya ilə bağlı Hələb razılaşması əldə edilib. Faktı Ərdoğan özü də təsdiqləyib: "Putinlə Hələbi müzakirə etdik. Saat 22:00-da orada bombardmanı dayandırdıqlarını bildirdi. "Nüsrə Cəbhəsi"nin oranı tərk etməsi üçün rica etdilər. Dostlarımıza bu məsələdə lazımi təlimatı verdik, bu iş üzərində çalışırlar. "Nüsrə Cəbhəsi"ni Hələbdən çıxarmaq və xalqın bu məsələdə rahatlığını təmin etmək istiqamətində aramızda anlaşma əldə etdik". Bundan sonra da tərəflərin Suriya məsələsində ortaq hərəkət etməsi gözlənir.
Rusiya və Türkiyə arasında belə münasibətlərin Qafqaza, o cümlədən Qarabağ münaqişəsinə də təsiri qaçılmaz sayılır. Artıq bunu Ermənistanda da açıq etiraf edirlər. Erməni politoloq Manvel Sarkisyan bu xüsusda bildirir: "Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi. Türkiyə öz tələbini irəli sürdü və Rusiya qəbul etdi. Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə, şərtləri qəbul ediləcəyi halda, bu tələblə razılaşıb".
Erməni politoloq Rusiyanın istəkləri qarşılığında Bakının şərtlərinin olduğunu bildirib: "Bakı bəyan edir ki, Qarabağı qaytarın və biz Avrasiya İqtisadi İttifaqına giriş haqda düşünək. Rusiya Türkiyə və Azərbaycanla münasibətlərə önəm verir. Burada Ermənistan sadəcə alətdir. Maraqlıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Serj Sarkisyan prezidentlərin birgə bəyanatını oxumadı. Çünki bu, Qazaxıstan və Türkiyənin xoşuna gəlməyə bilər. Hesab etmək olar ki, Sarkisyanın bəyanatı oxumasına Rusiya icazə verməyib. Ermənistanı bu prosesdə xırda pul adlandırmaq olar".
Ümumiyyətlə, xatırlatmaq yerinə düşərdi ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya məlum son səfərindən sonra Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının yaradılması ideyası ilə yanaşı, Azərbaycanın işğal altında olan torpaqlarının, ilk növbədə 5 rayonun azad edilməsi məsələsi yenidən gündəliyə gəlib. Ehtimal etmək olar ki, Azərbaycanın 5 rayonunun işğaldan azad edilməsinin reallaşması istiqamətində addımların atılmasına indi daha çox cəhd var. Azərbaycanın 5 rayonunun azad edilməsini erməni siyasətşünaslar da dəstəkləyir. Məsələn, erməni ekspert Andranik Miqranyan Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana aid olduğunu və onların qaytarılmasının vacibliyini vurğulayıb: "Rusiya və ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin əraziləri Azərbaycan torpağı sayır".
İndi Rusiya və Türkiyə arasında yeni münasibətlərin qurulması fonunda bu məsələ daha aktual şəkildə gündəmə gəlib. Özü də sirr deyil ki, işğal altındakı rayonların boşaldılması Moskva və Ankara arasında intensiv şəkildə müzakirə olunur. Xatırladaq ki, bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib: "Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib. Bu gün Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüb. Gündəmdə işğal olunmuş ən azı beş rayonun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik. Bu problem həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o həll olunmur? Minsk Qrupu da səy göstərməlidir".
Onu da xatırladaq ki, aprel döyüşlərindən sonra Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı müzakirələr daha intensiv xarakter alıb. Rəsmi Bakı işğal faktının uzun müddət qalmasına etirazını bildirir və torpaqların mümkün qədər tez azad edilməsi kimi haqlı şərt irəli sürür. Bu şərt yerinə yetirilməyəcəyi təqdirdə isə hərb variantının yenidən gündəmə gəlməsi istisna deyil. Məhz bu vəziyyətdə bölgədə müharibənin yenidən alovlanmasına qarşı olan Rusiyanın Ermənistana təzyiqləri artır. Türkiyə ilə Rusiyanın yaxınlaşması isə prosesi daha da sürətləndirir. Ermənistanın isə artıq təzyiqlərə müqavimət göstərməsi sadəcə mümkün sayılmır və bu fonda da işğal altındakı rayonların tədricən azad edilməsi prosesinin tezliklə başlamasını gözləmək olar.
Tahir TAĞIYEV