Aydın Mirzəzadə: "Muxtar respublika bütün dünyada qəbul olunmuş ən yüksək statusdur"
"Muxtar respublika, xarici siyasət və maliyyə məsələləri istisna olmaqla, unitar idarəetmə formasıdır"
Ölkə başçısı İlham Əliyev "Sputnik"ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər:
"Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromislər mümkün deyil. Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik".
Burada diqqətçəkən bir xüsusi məqam da var. Belə ki, ölkə başçısının münaqişənin həlli və Dağlıq Qarabağın statusu ilə bağlı səsləndirdiyi son bəyanat ABŞ-ın dövlət katibi Con Kerrinin və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun münaqişə ilə bağlı pessimist bəyanatlarından sonraya təsadüf etdi. Göründüyü kimi, Azərbaycan ərazi bütövlüyümüzə xələl gəlmədən, Dağlıq Qarabağ üçün ən böyük kompromis variant təklif edir. Bu təklifi necə dəyərləndirmək olar?
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi əsas götürülməlidir: "Çünki Azərbaycan işğala məruz qalan tərəfdir. Digər mövqelər isə köməkçi mövqe hesab olunur. Ermənistan 25 ildir Azərbaycan torpaqlarını işğal edərək öz ərazilərinə qatmaq istəyir. Amma bu müddət ərzinə istəyinə nail ola bilməyib. Biz öz torpaqlarımızdan heç vaxt imtina etməyəcəyik. Ərazi bütövlüyünün bərpası bizim üçün prinsipial məsələdir. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çəkməsə, biz istənilən vasitədən istifadə edərək öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan Prezidenti cənab İlham Əliyev nitqində bir daha bəyan etdi ki, biz Dağlıq Qarabağa ancaq muxtar respublika statusu verə bilərik. Muxtar respublika isə bütün dünyada qəbul olunmuş ən yüksək statusdur. Muxtar respublika, xarici siyasət və maliyyə məsələləri istisna olmaqla, unitar idarəetmə formasıdır. İndi düşünmək növbəsi Ermənistan hakimiyyətinindir. Onlar bilməlidir ki, Azərbaycan heç vaxt öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".
Məhəmmədəli QƏRİBLİ