Ramiz Tağıyev: "Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir" "Azərbaycanın uğurlu siyasətinin nəticəsidir ki, hətta fərqli siyasi mövqeyi ifadə edən dövlətlərlə eyni vaxtda əməkdaşlıq edə bilir"
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova "Sputnik Azərbaycan" və "RİA Novosti" üçün verdiyi müsahibədə regional mahiyyət daşıyan Azərbaycan-Rusiya-İran üçlüyü formatının zəruriliyindən danışıb:
"Bu mövzunun inkişaf üçün yaxşı potensialı var və gələcəkdə bölgəmizdə təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində vacib rol oynayacaq. Bu ilin əvvəlində mən İranda rəsmi səfərdə idim və iranlı həmkarım Ruhani ilə İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı ideyasını irəli sürdüm. Bu çox pozitiv qəbul olundu. İrandan qayıdandan sonra mən Vladimir Putinlə əlaqə saxladım və o, bu ideyanı çox müsbət dəyərləndirdi. Biz bu istiqamətdə fəal surətdə işləməyə başladıq. Bu hadisələrdən təxminən iki ay sonra Bakıda üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, sözügedən istiqamətdə ilk təcrübə idi. Təcrübə uğurlu oldu və avqustun əvvəllərində Bakıda keçirilmiş üç ölkə prezidentlərinin iştirakı ilə sammitə hazırlıq başladı.
Fikrimcə, o, tarixi sammit oldu. Birincisi, ona görə ki, tarixdə ilk dəfə olaraq bu üç ölkənin rəhbərləri bu formatda sammitdə görüşürlər. İkincisi, ona görə ki, biz tarixə qayıtmırıq. Bölgəmizdə ölkələr, imperiyalar arasında əlaqələrin tarixi sadə olmayıb. Bunu hamımız bilirik. Bu gün görürük ki, xoş məram olduğu halda istənilən şəkildə olan tarixi yaddaş öz yerini praqmatizmə və əməkdaşlığın möhkəmləndirilməsi istəklərinə verir. Azərbaycan müxtəlif dövrlərdə İran və Rusiya imperiyalarının tərkibində olub. Buna görə də bu sammitin Bakıda təşkili böyük əhəmiyyətə malikdir. Biz bunu böyük qonşularımızın gördüyümüz işə hörməti kimi, həm də yeni əməkdaşlıq formatı kimi qəbul edirik. Bu, ciddi geosiyasi addımdır. Biz, təbii ki, nəqliyyat təhlükəsizliyi məsələlərini, energetikanı, sərmayələri, iqtisadi məsələləri müzakirə etdik, gündəlik kifayət qədər geniş idi. Amma əsas odur ki, coğrafiyaya və bizim maraqlarımıza əsaslanan yeni regional əməkdaşlıq formatı yaradırıq. Çünki yalnız Azərbaycanın həm Rusiya, həm də İranla sərhədləri var. Müstəqil dövlət kimi bizim təhlükəsizliyimiz bizim bölgəmizdə təmin olunur. Sərhədlərimizin ətrafındakı təhlükəsizlikdən bizim təhlükəsizliyimiz asılıdır. Ona görə də qonşularımız arasındakı sıx əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir. Və biz belə görüşü təşkil edə bildiyimiz üçün sevinirik və bununla fəxr edirik. Ümid edirik ki, bunun gələcəkdə davamı olacaq".
Göründüyü kimi, İlham Əliyev üçlük formatının tarixi mahiyyətinə qədər ekskurs edərək, belə əməkdaşlığın hazırda da zəruri olduğunu qabardıb. Diqqətçəkən digər məqam isə bundan ibarətdir ki, İlham Əliyev bu formatın yenidən dirçəlməsinin təşəbbüskarı rolunda çıxış edib. Azərbaycanın belə geostrateji məsələlərdə nümayiş etdirdiyi aktivliyi necə dəyərləndirmək olar?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan qonşuları ilə ən yüksək əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır və ölkəmizin xarici diplomatiyası bu istiqamətdə ardıcıl olaraq işləyir: "Azərbaycanın uğurlu siyasətinin nəticəsidir ki, hətta fərqli siyasi mövqeyi ifadə edən dövlətlərlə eyni vaxtda əməkdaşlıq edə bilir. İrana, sonra isə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycan dövləti müstəqil siyasətini davam etdirərək, ölkəmizin və xalqımızın maraqlarına uyğun olaraq bütün tərəflərlə faydalı əməkdaşlıq əlaqələrini qoruyub saxladı, bütün dövrlərdə bu sanksiyaları dəstəkləməsə belə, bu sanksiyaları tətbiq edən Qərblə də tərəfdaşlıq əlaqələrini qorudu. Eyni zamanda regiondakı tərəfdaşları, müttəfiqləri ilə də münasibətlərinə xələl gəlməməsi üçün prinsipial siyasətini davam etdirdi.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkəmizdə səfərdə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli sammit keçirildi. Bu, tarixi bir zirvə görüşü idi. Azərbaycan həm İran, həm də Rusiya ilə olduca sıx siyasi, iqtisadi, mədəni və s. istiqamətlər üzrə əməkdaşlıq edir. Həm bugünkü əlaqələr, həm də tarixi-coğrafi yaxınlıq bu ölkələri bir-birinə yaxınlaşdırır. Bu üç ölkənin zirvə görüşünün məhz Bakıda keçirilməsi və regionun taleyi ilə bağlı əhəmiyyətli müzakirələrin ölkəmizin paytaxtında aparılması tarixi bir hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə də görüşün təşəbbüskarının İlham Əliyev olması Azərbaycanın rolunu daha aydın ifadə edir.
Bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüb. Ardınca ölkə başçıları səviyyəsində sammit keçirildi.
Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.
Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Azərbaycan müstəqil siyasət aparır, bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir".
Məhəmmədəli QƏRİBLİ