Qabil Hüseynli: "İlham Əliyev bir faktoru da vacib olaraq doğru vurğulayıb ki, bunun kökündə duran məsələlərdən biri də erməni lobbisinin təsiridir"
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunub. Cənab Prezident Azərbaycanın üzləşdiyi ikili standartlar və ölkəmizə edilən təzyiqlərdən danışıb.
İlham Əliyev qeyd edib ki, edilən yersiz təzyiqləri bizim cəmiyyətimiz ədalətsizliyin, qeyri-obyektivliyin və qərəzliliyin ifrat forması kimi qəbul edir: "Amma əgər məsələnin mahiyyətinə baxsaq, Azərbaycanda bütün demokratik normalar istisnasız təmin olunur. Sərbəst toplaşma azadlığı - referendum ərəfəsində müxalifət şəhərin mərkəzində mitinqlər keçirirdi. O başqa məsələdir ki, oraya maksimum 800 adam gəlmişdi, onlar da özlərinin yaxın dostları və qohumları idi. Lakin heç bir məhdudiyyət yox idi. Bizdə mətbuat azadlığı var: yüzlərlə qəzet, jurnal, televiziya, çoxlu kanallar, senzurasız internet, azad internet. Artıq əhalimizin 75 faizdən çoxu internet istifadəçiləridir. Yəni belə şəraitdə mətbuata təzyiqdən necə söhbət gedə bilər? Bu mümkün deyil. Bizim belə bir məqsədimiz də yoxdur. Bizdə bütün azadlıqlar təmin olunur. Lakin buna baxmayaraq, Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir. Guya bizdə demokratiya yoxdur, azadlıqlar sıxışdırılır, insan hüquqları pozulur. Bütün bunlar real faktlara əsaslanmayan, siyasi baxımdan məqsədyönlü hərəkətlərdir, Azərbaycana qarayaxma, təzyiq və şantaj xarakteri daşıyır.
Bunun bir neçə səbəbi var. Bunlardan ən başlıcası odur ki, Azərbaycan öz yolu ilə gedir. Biz müstəqil siyasət yürüdürük və bu siyasət heç kəsə, o cümlədən bizə bu çirkin hücumları edənlərə qarşı yönəlməyib. Bizim Avropa İttifaqına üzv ölkələrlə, ABŞ-la olduqca geniş siyasi, iqtisadi, enerji əlaqələrimiz var. Siyasi əlaqələr səviyyəsində bizim tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Lakin, görünür, həmin ölkələrin müəyyən dairələrinə bu, azlıq edir, onlar daha çox istəyirlər. Bəlkə bizim etibarlı olmağımıza əmin deyillər...
Təbii ki, biz bu cür fəaliyyətin qarşısını almaq üçün tədbirlər görürük. Azərbaycan müstəqil, suveren dövlətdir və hamıdan buna hörmətlə yanaşmağı xahiş edirik. Amma, görünür, onlar daha artığını istəyirlər. Səbəblərdən biri də Qərbdə, həm də təkcə Qərbdə yox, əksər ölkələrdə mövcud olan erməni lobbi qurumları ilə əlaqədar təşkilatların daimi anti-Azərbaycan fəaliyyətidir.
Mən istisna etmirəm ki, səbəblərdən biri bəlkə də odur ki, Azərbaycan bizi vaxtaşırı olaraq cəlb etmək istədikləri heç bir kampaniyaya qoşulmur. Mən hətta deyərdim ki, bunlar kampaniya yox, avantüradır. Biz özümüzə sərfəli olmayan yerə getmirik. Bir də yəqin səbəblərdən biri budur ki, bir sıra hallarda, digər ölkələrə təlimatlar vermək, onları idarə etmək, istiqamətləndirmək alındığı halda, bizdə bu alınmır".
Prezidentin Azərbaycanın müxtəlif istiqamətlər üzrə təzyiqlərə məruz qalmasının göstərilən səbəbləri ekspertlərin də diqqətini çəkir.
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısı çox ciddi məqamlara toxunub: "Bilirsiniz ki, ölkə başçıları nadir hallarda belə açıq mətnlə danışır. İlham Əliyev Azərbaycanın real vəziyyətini həmin müsahibədə açıq ifadə edib. Bizə yersiz təzyiqlərin olması danılmazdır. Bütün bunlar bizi istəməyin deyil, bizdən nə isə qoparmağın fonunda baş verir. Vahid mərkəzdən idarə olunan həmin kampaniyaların arxasında konkret məqsədlər durmasa, həmin hadisələr ölkədə keçirilən mühüm tədbirlər astanasında və ya həmin dövrdə baş verməz. Biz bunlardan keçmişik. Ölkə başçısı bunun səbəbini dəqiq izah edib və bildirib ki, məqsəd bizi dirijor çubuqları ilə idarə etməyə nail olmaqdır. Azərbaycan isə buna getmir, öz müstəqil siyasətini yürüdür. Bizə edilən basqılar guya ölkədə azad medianın olmaması, insanların siyasi baxışlarına görə təqib olunması və başqa məsələlərə görə edilir. Halbuki, bu dəyərlər Azərbaycanda lazım olan səviyyədə bərqərar olunub. Belə iddiaları edənlərin ən böyük qeyri-səmimiliyi bizim ən dərin problemimiz olan Dağlıq Qarabağa münasibətdə özünü büruzə verir. Ən böyük haqsızlığa məruz qalan ölkə kimi bizə bu məsələdə lazım olan dəstək verilmirsə, biz onların demokratiya, insan haqları tələblərinə necə səmimi yanaşa bilərik? İlham Əliyev bir faktoru da vacib olaraq doğru vurğulayıb ki, bunun kökündə duran məsələlərdən biri də erməni lobbisinin təsiridir. Ancaq biz dövlət olaraq belə təzyiqlərə qarşı lazım olan addımları atırıq. Bu baxımdan da İlham Əliyevin çox geniş auditoriyaya ünvanlanan fikirləri öz hədəfinə çatmış olacaq".
Məhəmmədəli QƏRİBLİ