Rusiya Suriyanın Hələb şəhərində olan Əsədə müxalif silahlı qruplara şəhəri tərk etmələri üçün vaxt verib. Moskva bu məqsədlə hava hücumlarını dünən bir neçə saatlığına dayandırdığını bəyan etmişdi.
Baki-xeber.com xəbər verir ki, sonradan müdafiə naziri Sergey Şoyqu hücum fasiləsini 24 saat uzatdıqlarını açıqlayıb. Şoyqu fasiləni Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə uzatdıqlarını, bu qərarı Əsəd rejiminin də dəstəklədiyini deyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu qərar mülki vətəndaşların çıxarılması və silahlı qrupların İdlib istiqamətində şəhəri tərk etmələri üçün verilib. O da qeyd edilir ki, Hələbdə mülki vətəndaşların çıxarılması üçün altı, silahlı qrupların şəhərdən ayrılması üçün iki dəhliz açılıb.
Bu hadisələr fonunda diqqət çəkən digər məqam Rusiyanın Suriyaya böyük hərbi donanma göndərməsidir. Qərbdə Rusiyanın bu gedişləri Moskvanın Hələbdə son və həlledici döyüşə hazırlığı kimi dəyərləndirilir.
İndi Rusya Şərq Aralıq dənizinə son 60 ilin ən böyük döyüş gəmisini çıxarır. Moskva Suriya, Livan və Kipr sahillərində olan döyüş gəmilərinin sayını artırır. Artıq Suriyaya doğru yola çıxan yeni Rusiya dəniz armadasını Qərb ölkələri də ciddi nəzarətdə saxlayır. Rusiya gəmi karvanına təyyarə daşıyan gəmi ilə yanaşı, nüvə gəmisi “Pyotr Vekiliy”, sualtı gəmilər “Severmorsk” və “Vice-Admiral Kulakov” və başqa gəmilər daxildir. Rusiyanın ən böyük döyüş gəmilərindən olan, kreyser (sürətli döyüş gəmisi) “Böyük Petro” da Suriyaya doğru yola çıxıb. Kreyserdə təhlükəli “Alligator” vertolyotları da var.
Şimal donanmasının “Admiral Kuznetsov” təyyarə gəmisinin önündə getdiyi Rusiya eskadriliyası Şimali dənizindən Aralıq dənizinə doğru yola çıxıb. İngiltərə mətbuatı Şotlandiya sularındakı gəminin NATO, Britaniya Kral Dəniz Qüvvələri və Norveç tərəfindən izlənildiyini bildirir. Həmin vaxt rus donanmasında olan SU-33 bombardman təyyarələri və KA-27 helikopterləri havaya qaldırılıb, vertolyotların hətta bölgədəki NATO gəmilərinin çox yaxınından uçduğu da qeyd edilir. Bu vəziyyət isə İngiltərə və Norveç tərəfində ciddi narahatlıq yaradıb. Rusiya donanmasını NATO-nun bölgədəki altı döyüş gəmisi də yaxından izləyir. Bu vəziyyət tərəflərin bir-birinə göz dağı mesajı kimi dəyərləndirilir.
"The Telegraph" qəzeti yazır ki, NATO rəsmiləri Rusiya hərbiyyəsinin Soyuq müharibədən sonra ən böyük hərbi qüvvə nümayişinə çıxdığını bildiriblər. Təhlilçilər bu qənaətədirlər ki, Rusiya bununla Suriya müharibəsini bitirmək əzminddə olduğunu nümayiş etdirmək istəyir.
Qərb kəşfiyyatının verdiyi məlumata görə, Kreml Hələb şəhəri üzərinə son və həlledici hücum üçün özünün Şimal donanmasını, qismən də Baltik donanmasını Aralıq dənizi bölgəsinə göndərib.
Bir çox təhlilçilər Rusiya donanmasının səfərə çıxmasını güc nümayişi kimi qiymətləndirsələr də, NATO diplomatları bu dislokasiyanın Suriyanın Hələb şəhərinə son hücum hazırlığı olduğunu düşünürlər. "Bu çox da dost bir jest deyil. İki həftədən sonra biz Hələbin böyük hava zərbələrinə məruz qalmasının şahidi olacağıq. Bu Rusiyanın Suriyada qələbə elan etmək strategiyasının bir hissəsidir" - deyib bir NATO diplomatı.
"The Telegraph" yazır ki, Rusiya son həmlə ilə Hələbdəki qiyamçıları ləğv etmək və Əsəd rejiminin salamat qalmasından arxayın olduqdan sonra Suriya vətəndaş müharibəsinin meydanını tərk etmək niyyətindədir: “Rusiya hücum mövqeyinə çıxarmaqda olduğu bu böyük dəniz qüvvəsi ilə Hələbdəki 8 minədək qiyamçını məhv etmək niyyətindədir. Bundan sonra Vladimir Putin Suriya müharibəsində qələbəni Əsədə verərək döyüş meydanını tərk edəcək”.
Qeyd edilir ki, 275 min adamın ilişib qaldığı Hələb şəhərinə belə hücum Moskva ilə Qərb arasındakı münasibətləri təhlükəli həddədək gərginləşdirə bilər.
Bu hücum həm də ABŞ-ın Suriyadakı zəifliyini Amerika seçkiləri ərəfəsində bir daha nümayiş etdirməklə Donald Trampa kömək etmiş ola bilər. Qəzet yazır ki, Trampın təbliğat kampaniyası da artıq bu gərgin vəziyyətdən faydalanmağa başlayıb. O vəd edib ki, seçkidə qalib gələrsə, Rusiya prezidenti Vladimir Putinlə hətta özünün inaqurasiyasından əvvəl görüşəcək. Barak Obama isə deyib ki, Trampın Putin heyranlığı Amerika siyasəti üçün misli görünməmiş hadisədir.
Tahir TAĞIYEV