Qabil Hüseynli: "Təklif olunan variant Rusiya ilə Ermənistanın maraqlarına cavab verir, bizim yox"
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov müsahibəsində bildirib ki, Dağlıq Qarabağ probleminin həllindəki nizamlama prosesi vahid paketdir:
"Bölgəyə oktyabr ayının üçüncü ongünlüyündə səfər etməyi planlaşdırırıq. Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyik. Rəhbər şəxslər, hərbçilərlə görüşlər nəzərdə tutulur. Mövcud işçi təkliflər nəzərə alınmaqla, danışıqlar prosesinin perspektivlərini müzakirə edəcəyik. Münaqişə zonasında hərbi vəziyyəti dəqiqləşdirəcəyik. Qiymətləndirməmizə görə, bu vəziyyət aprel hadisələrindən bu vaxtadək nisbi sakit olub.
Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə bağlı fikrimizi dəfələrlə bildirmişik. Bu problemi Dağlıq Qarabağın statusu, bütün qaçqınların qaytarılması, Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhlizin saxlanması, sülhməramlı əməliyyatın keçirilməsi kimi məsələlər daxil olmaqla, nizamlanmanın digər elementləri ilə yanaşı nəzərdən keçirmək lazımdır. Nizamlama prosesi vahid paketdir, bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsi qeyri-produktivdir".
Qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıdır. Rusiyalı diplomat isə aşkar şəkildə problemin paket həllindən danışır. Rusiyalı həmsədrin bu açıqlaması nəyə hesablanıb?
Politoloq Qabil Hüseynli hesab edir ki, Popovun açıqladığı təklif Azərbaycanın maraqlarına uyğun deyil: "Doğrusu, rusiyalı həmsədrin birdən-birə belə açıqlama ilə çıxış etməsi təəccüb doğurmaya bilməz. Dəfələrlə bəyan etmişik ki, Azərbaycan rayonların işğaldan azad olunması ilə Dağlıq Qarabağın statusunun eyni vaxtda müəyyənləşdirilməsinə heç vaxt razılıq verməyəcək. Bakı birmənalı şəkildə mərhələli həlli - ilkin olaraq bütün rayonların boşaldılmasını, sonrakı mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini təklif edir. Bir müddət əvvəl Qarabağ prosesi əsasında "Madrid prinsipləri"nin dayandığı "Kazan formulu" üzərində işin aparıldığı bildirilirdi. Azərbaycan bölgəyə sülhməramlıların yerləşdirilməsinin əleyhinədir, Ermənistan isə sülhməramlılar barədə danışmağın çox tez olduğunu bildirsə də, qəti mövqe sərgiləməyib".
Politoloq hesab edir ki, Rusiya paket həllini ortaya atmaqla həm də Dağlıq Qarabağda hərbi baza yaratmaq fikrindədir: "Bu, sülhməramlılar adı altında Cənubi Qafqazda yenidən möhkəmlənmək planının bir parçasıdır. Bu baxımdan əlverişsiz sülhdənsə, geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə bir qədər də dəyişməsini gözləyə bilərik. Çünki bölgədə geosiyasi situasiyanın tamamilə dəyişəcəyini proqnozlaşdırırlar. Bir sözlə, təklif olunan variant Rusiya ilə Ermənistanın maraqlarına cavab verir, bizim yox".
Məhəmmədəli QƏRİBLİ