Vəfa Həmidova: "Təklif olunan yeniliklər tərəflərin ümumi razılığından sonra qəbul edilə bilər"
Avropa İttifaqı (Aİ) Azərbaycanı müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar təbrik edib. Avropa İttifaqı sözçüsünün Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı bəyanatında deyilir ki, Azərbaycan müstəqillik illəri ərzində hərtərəfli inkişaf edib:
"Avropa İttifaqı Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək və demokratik təsisatların, qanunun aliliyinin və iqtisadi rifahın inkişafına dəstəyini əsirgəməyəcək. Bu il həmçinin Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi qeyd olunur. Bununla yanaşı, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasının imzalanmasından 20 il keçir.
Aİ Azərbaycanla 1996-cı ildə imzalanmış bu razılaşmanın əvəzində yeni əməkdaşlıq sazişi üzrə danışıqların başlanmasını və qarşılıqlı maraq, yenicə nəzərdən keçirilmiş Avropa Qonşuluq Siyasətinin prinsipləri və beynəlxalq qanun çərçivəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini səbrsizliklə gözləyir".
Avropa İttifaqının nəzərdə tutduğu yeni əməkdaşlıq sazişi özündə nəyi ehtiva edir?
Ekspert Vəfa Həmidova qəzetimizə açıqlamasında bildirdi ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası könüllü olaraq, müstəqil şəkildə Avropaya inteqrasiya yolunu seçdi: "2001-ci ildən ölkə Avropa Şurasının üzvüdür, başqa Avropa qurumları ilə də əməkdaşlıq edir.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha dinamik xarakter alıb. Bu saziş əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
Bu sazişə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt-komitə kimi strukturlar yaradılıb.
Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır. Azərbaycan Aİ ilə əməkdaşlığın inkişaf etməsi istiqamətində Avropa Qonşuluq Siyasətinə və "Şərq Tərəfdaşlığı"na daxil olub, bu təşkilata daxil olan ölkələrlə viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması haqqında saziş imzalayıb. Təbiidir ki, mövcud reallıqlar müəyyən qanunlara və sazişlərə əlavə və dəyişikliklər etməyi zəruri edir. Təklif olunan yeniliklər tərəflərin ümumi razılığından sonra qəbul edilə bilər. Həmin detalların konkret nədən ibarət olması bizə bəlli deyil".
Məhəmmədəli QƏRİBLİ