Hafiz Həsənli: "Heydər Əliyevin ikinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanmasındakı rolu danılmazdır"
Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul zamanı etdiyi çıxışında bildirib ki, cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı: "1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi".
Mərhum prezident Heydər Əliyevin dövlətçiliyin qorunmasında roluna toxunan ekspert Hafiz Həsənli bildirdi ki, 1991-ci il oktyabrın 18-də müstəqillik əldə olunsa da, xalqımız müstəqilliyi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra öz həyatında hiss etdi: "Tarixən böyük keşməkeşli yol keçən xalqımız hər zaman öz taleyini həll etməyi bacarıb. Təbii ki, bu işdə xalqımızın öz maraqlarını qoruması üçün öndərlik etmiş mühüm tarixi şəxsiyyətlər olub. O şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Bilirsiniz ki, 1918-ci ildə qurulan ADR ilə bizim əsrin sonunda qazandığımız müstəqillik arasında çox analogiya aparırlar. Prezident doğru olaraq qeyd etdi ki, budəfəki müstəqillik tariximiz də 1918-ci ildəkinə bənzəyə bilərdi. Yəni mərhum prezident Heydər Əliyev Azərbaycanın dadına çatmasaydı, ölkə bir neçə yerə parçalana bilərdi. Bu bizim o qədər də qədimə getməyən tariximizdir. Heydər Əliyev ölkəni fəlakətdən və vətəndaş qarşıdurmasından xilas etdi. Bunun da nəticəsində dövlətçilik qorunub saxlandı. Bir neçə dəfə dövlət çevrilişlərinin qarşısı alındı. Bütün bunlar mərhum prezidentin uzaqgörən siyasəti və təcrübəzi sayəsində mümkün oldu. Bu baxımdan da, Heydər Əliyevin ikinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanmasındakı rolu danılmazdır".
Məhəmmədəli QƏRİBLİ