Aydın Mirzəzadə: "Ermənistan bu imkandan istifadə etməsə, gələcəkdə onlar üçün böyük problemlər yaranacaq"
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkün görünür.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində deyib. "Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında sülh şəraitində qarşılıqlı əlaqə - münaqişənin həlli bizə belə görünür", - "Rusiya bu gün" beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova müsahibəsində İlham Əliyev belə deyib.
Eyni zamanda, İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt mümkün deyil. "Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə isə, razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər", - dövlət başçısı əlavə edib.
Bütövlükdə Prezidentin bununla bağlı son açıqlamasını ekspertlər necə dəyərləndirir? Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, cənab Prezident əvvəllər də Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi barəsində fikir bildirib: "Bildirmişdi ki, dünyada mövcud olan ən yüksək muxtariyyət Dağlıq Qarabağ ərazisinə verilə bilər. Həmçinin, orada yerli idarəetmənin sərbəstliyi ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilə bilər. Prezident Rusiya mətbuatına müsahibəsində qeyd etdi ki, Dağlıq Qarabağ muxtar respublika elan edilə bilər. Eyni zamanda, yerli idarəetmədə çox böyük müstəqilliyə malik olacaq. Bu o deməkdir ki, müdafiə, xarici işlər və maliyyə məsələsindən başqa, həmin ərazi yerli idarəetmədə müstəqilliyə malik olacaq. Həmçinin, nəzərə almaq lazımdır ki, Azərbaycanın bu gün böyük maliyyə imkanları var. Ona görə də Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf problemlərinin həll edilməsi üçün Azərbaycan ora böyük investisiyalar yatıra bilər. Bu gün həmin imkanlar torpaqları işğal etmiş Ermənistanda yoxdur və heç zaman da olmayacaq. Ona görə də cənab Prezident haqlı olaraq bildirdi ki, razılaşma olarsa, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, orada girov saxladığı erməniləri sərbəst buraxıb öz fikirlərini bildirmək imkanı yaradarsa, hər hansı bir problem yaşanmayacaq. Bu, Dağlıq Qarabağ probleminin həllində Azərbaycan tərəfindən verilən ən böyük güzəşt hesab oluna bilər. Ermənistan bu imkandan istifadə etməsə, gələcəkdə onlar üçün böyük problemlər yaranacaq".
Vidadi ORDAHALLI