Səyyar Əliyev: "Biz bir vaxt itirdiyimiz müstəqilliyi hazırda göz bəbəyi kimi qorumalıyıq"
Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul zamanı Prezident İlham Əliyev geniş nitq söyləyib.
Prezident çıxışında 1918-ci ildə qurulan Demokratik Respublika ilə 1991-ci ildə əldə olunan müstəqillik arasında bir analogiya aparıb: "İyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşurdu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə - 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq".
Prezident daha sonra bildirib ki, cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı: "1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi".
Göründüyü kimi, ölkə başçısı müstəqillik tarixinə baxışda 25 ilə əsaslanmadığını ortaya qoyub. Təbiidir ki, bu da 1918-ci ildə qazandığımız müstəqillik tariximizlə bağlı olan məsələdir. İlham Əliyevin müstəqilliklə bağlı ortaya qoyduğu bu baxışı necə dəyərləndirmək olar?
Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezidentin məsələyə bu cür yanaşması bizim dövlət olaraq tarixi köklərimizə bağlı olduğumuzun daha bir sübutudur: "Bəli, bizim müstəqilliyimizin tarixi 1918-ci ildən hesablanmalıdır. Çox sevindirici haldır ki, bizim bəzi dövlət qurumlarımız yaranış tarixlərini həmin vaxtdan qeyd edirlər. Prezident tamamilə doğru olaraq qeyd edib ki, biz tarixi unutmamalıyıq. Bu bizim şanlı səhifəmizdir. Şərqdə ilk demokratik respublikanı qurmağı bacaran bir xalq əsrin sonunda yenidən öz halal müstəqilliyinə qovuşdu. Cənab Prezident ADR-in az ömür yaşamasından dərin təəssüfləndiyini daim qeyd edib. Bu gün aparılan siyasət, ölkədə əldə olunan inkişaf bir daha sübut etdi ki, biz müstəqil yaşamağa layiq olan xalqıq. Bu gün ölkəmiz ən qüdrətli ölkələrin sırasında dayanmağa qadir olan bir inkişaf yolu keçib. Təbiidir ki, bütün bunlara Heydər Əliyev siyasi kursu və onun layiqli davamçısı İlham Əliyevin parlaq idarəetmə qabiliyyətinə görə nail olmuşuq. Əminəm ki, müstəqillik tarixinə hörmət edən, onun tarixi atributlarını yaşadan bir ölkə və onun başçısı qarşımızda duran bütün maneələri də aşmağı bacaracaq. Biz bir vaxt itirdiyimiz müstəqilliyi hazırda göz bəbəyi kimi qorumalıyıq. Cənab Prezidentin tarixə ekskurs etməsi eyni zamanda bizi tarixdən lazım olan dərsləri götürməyə sövq edir".
Məhəmmədəli QƏRİBLİ