"Türk axını"na tam dəstək...
Azərbaycan öz dostları və qonşuları tərəfindən reallaşdırılan layihələri tam dəstəkləyir. "APA-Economics" xəbər verir ki, bunu "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev "Türk axını" layihəsi ilə bağlı müvafiq sualı cavablandırarkən deyib.
Ölkə başçısı deyib ki, bu layihə regionda əməkdaşlığı və təhlükəsizliyi gücləndirir: "Bu cür layihələr regionda əməkdaşlıq və təhlükəsizliyi gücləndirir, ölkələrə öz iqtisadi və enerji maraqlarının təmin olunmasında yardım edir. Buna görə biz "Türk axını"nı hər zaman dəstəkləmişik. Bu günlərdə mənim də iştirak etdiyim Ümumdünya Enerji Konqresi çərçivəsində Türkiyə və Rusiya bu layihənin bərpasına dəlalət edən sənədi imzaladılar və mən buna görə türk və rus həmkarlarımı təbrik edirəm".
"Heç bir regional layihə TANAP-la rəqabət apara bilməz"
"Heç bir regional enerji layihəsi TANAP-la rəqabət apara bilməz". Bunu da "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"TANAP "Cənub Qaz Dəhlizi" kimi iri layihənin bir hissəsidir. Öz növbəsində, "Cənub Qaz Dəhlizi" layihəsi dörd komponentdən ibarətdir. Söhbət dünyanın ən iri qaz yataqlarından biri olan "Şahdəniz" layihəsinin işlənməsindən, "Cənubi Qafqaz" boru kəmərinin tikintisindən və onun genişləndirilməsindən, ardınca isə TANAP və TAP layihələrinin tikintisindən gedir. Bütün bu komponentlər öz özlüyündə vacibdir. Bu layihənin ilk mərhələsində qaz satışı ilə bağlı müqavilələr imzalanıb və satışlar həyata keçirilib. Biz hasilatın artırılması ilə bağlı müqavilələr imzalamışıq və bu proses 2018-ci ildən etibarən baş tutacaq, 2020-2021-ci illərdə isə hasilat pik həddə çatacaq. Bu baxımdan digər regional enerji layihələri obyektiv səbəblərdən TANAP-la rəqabət apara bilməz", - deyə ölkə başçısı qeyd edib.
Neftin builki qiyməti barədə proqnoz...
"Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barrelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risqlə qarşılaşacağımızı gözləmirik". Prezident İlham Əliyev "Sputnik Azərbaycan" agentliyinə müsahibəsində daha sonra deyib:
"Bu il biz büdcəyə yenidən baxmaqla neftin qiymətini 25 dollar müəyyən etdik, lakin ili artımla başa vurduq. Növbəti il üçün qiyməti 40 dollar müəyyən etmişik. Düşünürəm ki, neftin qiyməti bundan aşağı düşməyəcək və prinsipcə, bu bizə əlavə problemlər yaratmayacaq. Yeganə məsələ odur ki, biz dövlət tərəfindən maliyyələşən investisiya layihələrini azaltmalı olduq", - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, bu gün əsas məsələ ixracı diversifikasiya etmək, bazara rəqabətə davamlı məhsullarla çıxmaq və Azərbaycanın neftin qiymətinin azalması səbəbilə yaşadığı valyuta itkilərinin yerini doldurmaqdır: "Bəlkə də bu müsbətə doğrudur. Çünki investisiya və tələb həddən artıq çox idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik".
İlham Əliyev bildirib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib: "Bu hər kəs üçün faydalı olar. Şirkətlərə investisiya imkanı verər, hasilatçı ölkələrə müxtəlif layihələr üçün maliyyə gəlirini təmin edər. İstehlakçılar isə nəticədə məhrum olduqları sifarişlərin təmin olunması ilə qazana bilərlər".
"Bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir. Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir" - deyən ölkə başçısı hesab edir ki, OPEC-ə üzv olan və olmayan ölkələr tərəfindən hasilatın azaldılması qiymətləri stabilləşdirə bilər: "Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə, bu baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalıdır, qəbul olunan qərarların icrasına nəzarət olunması üçün mexanizm hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflər üçün əlverişlidir - şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq".
Prezident əlavə edib ki, Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir və bunu dəfələrlə bəyan edib. "Biz birmənalı olaraq bəyan edirik ki, neft hasilatımızı artırmayacağıq. Bunun üçün hansısa qərarı gözləməyə ehtiyac duymuruq. Müəyyən mənada bunu hasilatın dondurulması adlandırmaq olar", - deyə o qeyd edib.
Rusiyanın Su-24 təyyarəsinin vurulmasında təxribat...
"Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla müşahidə ediblər". "Sputnik" agentliyinə müsahibəsində Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Türkiyə tərəfindən Rusiyanın Su-24 təyyarəsinin vurulması insidentində kənardan təxribat olub.
"Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması ədalətin bərpasıdır, faciəvi anlaşılmazlığın aradan qaldırılmasıdır. Yəqin ki, səbəbləri analiz ediləcək. Bildiyim qədər artıq analiz olunub. Məlumatlarımıza görə, burada Rusiya və Türkiyənin yaxınlaşmasını narahatlıqla müşahidə edən müəyyən qüvvələrin müdaxiləsi olmamış deyil. Sadəcə, mən müəyyən obyektiv müşahidələrə əsaslanan qiymətləndirməni verirəm", - deyə o vurğulayıb.
Azərbaycan Prezidenti baş verən hadisədə kənar təxribatın olmasını istisna etməyib: "Hər halda, bu baş verəndə ağlımıza ilk gələn o oldu ki, bunu istisna etmək olmaz. Çünki bu, qətiyyən Türkiyənin marağında deyildi və biz kiminsə bu qeyri-dost addıma qəsdən getdiyini ehtimal edə bilməzdik. Aydındır ki, bu faciəvi hadisədən sonra emosiyalar işə düşdü, bu emosiyalar müəyyən mənada vəziyyəti bürüdü və orada baş verənləri aydınlaşdırmaq çətin idi. Artıq emosiya emosiyanın üstünə gəlirdi, bir söz cavaba səbəb olurdu, nəticədə dayandırılması çətin olan halqa yaranırdı. Bu artıq dayandırılıb. İndi aydınlaşdırmaq lazımdır. Düşünürəm və əminəm ki, burada təxribatsız ötüşülməyib. Çünki Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri qətiyyən Rusiya hərbi aviasiyasının uçuşlarına bu cür reaksiyanı nəzərdə tutmurdu".
"Rusiyanın Suriyadakı müharibənin həlli ilə bağlı yanaşması özünü doğruldub"
"Terrorizmə yalnız bütün dünya ictimaiyyətinin, aparıcı dövlətlərin birləşəcəyi halda qalib gəlmək olar" - deyə bildirən Prezident İlham Əliyev hesab edir ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş müharibəsinin həlli ilə bağlı yanaşması tamamilə özünü doğruldub: "Təəssüf ki, bu gün belə bir birləşməni görmürük və bu halda Rusiya tərəfinin bəyan etdiyi "ekstremistlər, terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır" yanaşmasını tam özünü doğrultmuş hesab edirəm. Terrorçuları yaxşı və pislərə bölmək düzgün deyil. Gec-tez bu bumeranq kimi qayıdacaq, tarix dəfələrlə bunu sübut edib. Lakin hələlik bu istiqamətdə konsensusu görmürük, bu isə böyük narahatlıq doğurur".
Dövlət başçısı qeyd edib ki, hazırda Suriyadakı durum eskalasiyaya doğru gedir. O ümidvar olduğunu bildirib ki, Suriya üzrə danışıqlar nəticə verəcək: "Lakin əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır, onun ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Suriya xalqı taleyini özü müəyyənləşdirməlidir. Bax, bu iki sadə tezisdir, bildiyim qədər, bu tezislər sizə də yaxındır. Bunu tam bölüşürük. Məsələni məhz bu kontekstdə həll etmək lazımdır, halbuki, gördüyümüz kimi problemin həlli aylar ötdükcə, daha da çətinləşir", - deyə o vurğulayıb.
"Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz"
"Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz". APA-nın xəbərinə görə, bu sözləri "Sputnik" agentliyinə müsahibəsində deyən Prezident İlham Əliyev bildirib ki, hələlik ölkə indiki statusda özünü inamlı hiss edir: "Bu mövzuda söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni mən bu cür xarakterizə edərdim".
Dövlət başçısı Azərbaycanın Avrasiya məkanındakı prosesləri maraqla izlədiyini qeyd edərək, o proseslərlə bağlı mürəkkəbliklər və müəyyən iradlar olduğunu da vurğulayıb: "Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün, əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq".
Prezident rəsmi Bakının öz indiki vəziyyətindən məmnun olduğunu diqqətə çatdırıb: "Son 13 ildə biz Ümumi Daxili Məhsulun həcmini 3 dəfə artıra, yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faiz səviyyəsindən bu il 5 faiz səviyyəsinə endirməyə nail ola bilmişik. Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir".
Azərbaycanda radikal islamçılıqla bağlı təhlükə yoxdur
"Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşib və ölkəmiz üçün radikal islamçılıqla bağlı potensial risq və ya təhdid yoxdur". "Sputnik Azərbaycan" agentliyinə müsahibəsində Prezident İlham Əliyev bu mövzuya da toxunub.
Dövlət başçısı bu ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu xatırladıb: "Cəmiyyətimiz milli ideya ətrafında birləşib. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, müstəqilliyimizi möhkəmləndirmək və bütün iqtisadi və sosial problemləri həll etmək ideyaları ətrafında birləşib. Buna görə də burada radikallar üçün nə sosial, nə də iqtisadi baxımından baza var".
Onun sözlərinə görə, bu gün dövlət qarşısında duran yeganə məsələ, həmçinin dini ekstremizm fonunda özünü xarici mənfi təsirlərdən qorumaqdır: "Bizim cəmiyyət öz milli, dini və mənəvi köklərinə dərindən bağlıdır. Biz öz müqəddəs yerlərimizə hörmətlə yanaşırıq və buna ehtiyatla yanaşırıq. Eyni zamanda cəmiyyətimiz müasir cəmiyyətdir. Ona görə də hesab edirəm ki, Azərbaycan müasir müsəlman ölkəsi olaraq tam öyrənilməyib. Azərbaycan bir çox ölkə üçün yaxşı nümunə ola bilər. Ona görə də radikalizmlə mübarizə sahəsində bizim üçün əsas məqsəd özümüzü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır".
O qeyd edib ki, Azərbaycan xalqı hər gün Avropa, MDB ölkələri və Yaxın Şərqdə "qaynar nöqtə"lərdə nələrin baş verdiyini görür: "Bu, Azərbaycan xalqını daha da birləşdirir və radikalizm əleyhinə ən yaxşı peyvənddir. Buna baxmayaraq, biz bir dəqiqə də olsun məhz müasirliyə, dünyəviliyə, xeyirin şərdən üstün olmasına yönəlmiş siyasətimizlə bağlı fəaliyyətimizi zəiflətməməliyik. Biz bu istiqamətdə mütəmadi işləyirik".
Dağlıq Qarabağın muxtar respublika olmasına razı ola bilərik, o şərtlə ki...
"Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür". Bu sözləri də Prezident İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: "Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır".
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik".
"Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir"
"Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir". Bu sözləri də Prezident İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib.
"Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə "status-kvo"nun qəbuledilməz olduğunu bəyan ediblər. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir", - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: "Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə, bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı, gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə biz belə bəyanatlar eşidirik".
"Rusiya silahının ən ciddi alıcılarından biriyik"
"Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus və digər dövlətlərdən silah alırıq. Həmçinin Pakistandan silah almaq niyyətindəyik. Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib və bu bizə çox yaxın dost dövlətdir" sözlərilə Ermənistanın Azərbaycanın Rusiyadan silah almasına etirazına toxunan Prezident İlham Əliyev qeyd edib ki, silah ticarətində Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.
"Yəni, bu gün Azərbaycan ordusunda əsasən Rusiya istehsalı olan silahlardır. Bu əməkdaşlıqdan məmnunuq. Biz Rusiya silahının ən ciddi alıcılarından biriyik və əməkdaşlığımızın səviyyəsi yaxşıdır. Digər yerlərdə silah almağımıza gəldikdə isə, bu, yəqin ki, təbiidir. Silah biznesi elədir ki, burada nə isə gizlətmək mümkün deyil".
"Prezident seçkilərinin vaxtını dəyişmək niyyətimiz yoxdur"
"Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur". APA-nın məlumatına görə, bunu da Prezident İlham Əliyev Rusiyanın "Sputnik" agentliyinə müsahibəsində deyib.
O, Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib: "Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam".