Elşən Mustafayev: "Çünki torpaqlar işğaldan azad edilmədən heç bir kontingentin orada yerləşdirilməsindən söhbət gedə bilməz"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvan sammiti, ermənilər kimi, Belarus prezidenti Aleksandr Lukaşenkonu da qane etməyib. Bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, Lukaşenko "belə mənasız sualların müzakirəsi üçün məni İrəvana - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasına gətizdirmək lazım deyildi" kimi ifadə işlədib.
Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin 14 oktyabrda İrəvanda keçirilən toplantısında deyib. Erməni KİV-ləri qeyd edir ki, Lukaşenko müzakirə olunan məsələlərin prezidentlər səviyyəsində olmadığını açıqlayıb: "Amma Lukaşenko daha bir müqəddəs cümlə işlətdi. O dedi ki, dünyada heç kim KTMT-ni tanımır. Yəni təlimlər keçirən hərbi blok mövcuddur, amma dünyada heç kim onu qəbul etmir. Lukaşenkonun sözlərinin altında nə gizlənir? KTMT BMT mandatına sahib olmaq üçün müraciət etdi. BMT-nin komitələrindəki müzakirələrə, gurultulu bəyanatlara baxmayaraq, görünür, BMT KTMT-yə mandat verməyə razı olmadı. Lukaşenkonun dediyi kimi, BMT nəinki mandat vermək istəmir, KTMT-nin nə olduğunu belə bilmir. Rusiya prezidenti Vladimir Putinin köməkçisinin dəfələrlə qeyd etməsinə baxmayaraq, sammitə qədər NATO və ABŞ-ın yerləşdirdiyi raket əleyhinə müdafiə sistemlərinin KTMT ölkələri üçün təhdid yaratdığı haqda bəyanat verilmədi. İrəvanda KTMT-nin strategiyası qəbul olunub, ancaq mətnə baxanda bunu demək çətindir. Serj Sarkisyanın sözlərinə görə, strategiya NATO və ABŞ təhdidlərinin qarşısının alınması haqda olmalıdır. Lakin açıq bəyanatların verilməməsi tərəflərin bu haqda razılığa gələ bilmədiyini göstərir.
Məsələ burasındadır ki, İrəvan sammiti öncəsi KTMT BMT-yə sülhməramlı fəaliyyət göstərmək üçün mandat almaq istəyilə müraciət edib. Lakin müraciətin BMT Baş Assambleyasında XİN başçılarının toplantısı ərəfəsində komitələrdə müzakirə olunacağı ilə bağlı bəyanatlara baxmayaraq, BMT KTMT-yə mandat verilməsinə razılıq verməyib. KTMT iştirakçı ölkələri isə İrəvan sammitindən iki önəmli qərarın verilməsini gözləyib. Bunlar Suriya və Dağlıq Qarabağ ərazisində sülhməramlı qismində KTMT qüvvələrinin yerləşdirilməsi ilə bağlı olub".
Beləliklə, BMT-nin "günahı üzündən" İrəvan sammiti ermənilərin, elə Lukaşenkonun da gözlədiyi sonluqla bitməyib. BMT-nin KTMT-ni məyus etməsi nə ilə bağlıdır?
AMİP sədrinin müavini Elşən Mustafayevin sözlərinə görə, KTMT-nin İrəvanda keçirilən toplantısında bu sirrin də üstü açılmış oldu: "Əslində, həmin qurumun toplantısında Dağlıq Qarabağla da bağlı müzakirələrin aparılacağı əvvəlcədən gözlənilirdi. Bu da mənasız bir müzakirə idi. Çünki tərəflərin tam iştirakı təmin edilmədən belə müzakirənin aparılması yolverilməzdir. Biz dəfələrlə buna etiraz etsək də, həmin müzakirə gündəlikdə qaldı. Lukaşenko bu və ya digər məsələləri əsas gətirərək qurumun iclasında müzakirə edilən mövzuları yersiz adlandırıb. Bilirsiniz ki, Rusiya KTMT adı ilə sülhməramlı dəstələrini, əslində isə özünə məxsus olan qoşunu Dağlıq Qarabağ və Suriyaya soxmaq istəyib. Belə missiyanın iştirakı BMT-nin eqidası altında ola bilər. Görünən budur ki, BMT tam əsaslı olaraq həmin quruma lazım olan icazəni verməyib. Çünki onlar da gözəl dərk edir ki, KTMT deyəndə Rusiya başa düşülür. Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. BMT belə missiyaya icazə versə, bu günə kimi həllini tapmayan qətnamələrinə hörmətsizlik etmiş olar. BMT bu qərarı veribsə, tam doğru addım atıb. Çünki torpaqlar işğaldan azad edilmədən heç bir kontingentin orada yerləşdirilməsindən söhbət gedə bilməz".
Məhəmmədəli QƏRİBLİ