İraqla böyük güclərin dəstəklədiyi qruplar arasında şəhərə nəzarət savaşı, Türkiyənin dəstəklədiyi sünni türkmənlərin İran dəstəkli şiələrdən və İraqın müdafiə etdiyi PKK-dan gələn intiqam qorxusu...
İraqın ən böyük ikinci şəhəri Mosulu İŞİD-dən geri almaq üçün hərbi əməliyyatların başlanmasına sayılı günlər qaldı. Baki-xeber.com “Al Jazeera”yə istinadən xəbər verir ki, artıq amerikalı hərbi mütəxəssislər bazalarda yerləşdirilir, İraq ordusuna aid silahlı birliklər Mosul ətrafına toplaşır.
Bir tərəfdən də İranın nəzarətindəki şiə silahlı qruplar bölgədə gücünü artırır, digər tərəfdən də Türkiyənin təlim keçdiyi 3 min nəfərlik “Haşdi Vətəni” qüvvələri isə yaxın günlərdə Başikadan Mosula doğru yola çıxmağa hazırlaşır.
İl yarımdır regiondakı əsas aktyorlar arasındakı anlaşılmazlıqlara görə təxirə salınan Mosul əməliyyatı ilə bağlı artıq razılaşma əldə edilib, əməliyyat yaxın günlərdə başlayacaq. “Al Jazeera” İraq ordusu və kürd peşmərgə komandirlərinə istinadən xəbər verir ki, şəhərin İŞİD-dən təmizlənməsi əməliyyatı neçə həftə davam edəcək.
Böyük əməliyyata hazırlaşanlar arasında anlaşılmazlıqlara səbəb olan əsas kritik mövzu isə əməliyyatdan sonra şəhərin kimin nəzarətində olacağıdır. Bu məsələ isə, bütün razılaşmalara baxmayaraq hələ ki, açıq qalır
Ilkin olaraq şəhərə yalnız İraq ordusunun girəcəyilə bağlı razılaşma əldə edilib. Ancaq sünnilərə görə, Tehranın təsir gücü güclü olan Bağdad rəhbərliyinə bağlı İraq ordusunun nəzarətində olacaq bu bölgəyə, yenə Tehranın dəstəklədiyi şiə silahlıların girməyəcəyinə zəmanət yoxdur. Elə bu səbəbə görə də keçmiş Mosul valisi, şəhərin əhəmiyyətli tayfalarından birinin lideri Esil Nuceyfinin rəhbərlik etdiyi yerli sünni birliklərə Türkiyə tərəfindən təlim keçirilib.
Nuceyfiyə görə, Mosuldan təxminən 15 kilometr aralıda yerləşən Başika düşərgəsində öyrədilən üç min nəfərlik “Haşdi Vətəni” adlı qrup, yerli sünnilərin təhlükəsizliyi üçün ən böyük zəmanətdir. Sözügedən qrup bir neçə gün ərzində Başikadan Mosula doğru yola çıxacaq.
Həm İraq ordusu, həm də peşmərgəyə illərdir dəstək üçün orada olan Amerika əsgərlərinin sayı da artırılır. Son bir neçə gündə bura daha yüksək səviyyəli hərbi mütəxəssislər gəlib. Peşmərgənin Mosulun şərqində İŞİD-lə cəbhə xəttində olan Hazer bazasına da Amerikadan hərbi mütəxəssislər gəlib.
Mosul İraqda sünnilərin əlində olan sonuncu və ən əhəmiyyətli mərkəz sayılır. Şiə İranın təsiri altındakı Bağdad hökumətinə bağlı digər bölgələr tamamilə İranın nəzarətindədir. Bu nəzarət, Tehran tərəfindən idarə edilən şiə silahlılar tərəfindən təmin edilir. Onlar türkmən və kürdlərin də yaşadığı Kərkükdə də güclüdür. Şiələrin əməliyyat zamanı, ya da əməliyyatdan sonra Mosul şəhərinə girməsi bu səbəbdən Mosul xalqını qorxudur. Buna Ankara və Ərbil də əvvəldən etiraz edir.
Bir neçə gün əvvəl Aşura ilə əlaqədar Kərkükə İrandan çox sayda şiə din xadimi gəlib. Bu din adamlarını, eləcə də mərasimlərə qatılan şiə xalqını qorumaq üçün çox sayda şiə silahlılar da onlarla bərabər buraya gəlib. “Al Jazeera”nin bölgədəki türkmən qaynaqlarından aldığı məlumata görə, Aşura mərasimi bitsə də, şiə silahlar İrana geri dönməyib. Onlar Türkiyədən Kərkükə gələnlərin bölgəyə girməsinə də mane olur. Xüsusilə Ankara ilə Bağdad hökuməti arasında yaranan Başika böhranının ardından bu qruplar, nəzarət etdikləri bölgəyə girən türkləri qoruya bilməyəcəyinə dair xəbərdarlıq edirlər.
Tehranın nəzarətindən başqa Kərkükdə İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) ən güclü ikinci partiyası olan KYB-nin peşmərgə silahlıları da burada bəzi bölgələri nəzarət edir. Həm Kərkükdə həm də Süleymaniyədə KYB ilə şiələr arasında əməkdaşlıq var. “Al Jazeera” yazır ki, Süleymaniyyə-İran sərhədi şiə qruplar və lazım olanda KYB peşmərgəsinin üzünə açıq olur.
İŞİD Telaferə girdikdən sonra bölgədəki türkmənlərin az qala yarısı, şiələr cənuba qaçıb. Şəhərdə qalan sünni türkmənlər isə, “Haşdi Sabi” birlikləri Telaferə girsə onlardan intiqam alınacağından narahatdırlar. Keçmiş Mosul valisi Esil Nuceyfi deyir ki, intiqamı yalnız şiə türkmənlərdən gözləmirlər, yezidi kürdlərdən də gözləyirlər: “Hazırda yezidilərlə PKK Sincarda birlikdə hərəkət edir. İntiqam üçün də bir çox səbəbləri var. İlk əvvəl sünni türkmənlərin İŞİD-in əsl gücü olduğunu və qadınlarını da bu türkmənlərin qaçırdığını düşünürlər. PKK da bu türkmənlərdən intiqam almaq istəyir. Şiə silahlılar da sünni qohumlarından intiqam almaq istəyir. Bunlar çox böyük problemlər yaradacaq".
Onun fikrincə, bunun qarşısını almaq üçün ən yaxşı variant “Haşdi Şabi”ni şəhərə buraxmamaqdır: “Haşdi Sabi” Telafərə girmək istəyir, amma PKK ilə birlikdə girsələr problem daha da böyüyəcək. Çünki buna peşmərgə də qarşı çıxacaq".
İraqın az qala böyük hissəsini təsiri altına alan İran, Kürdüstan Regional rəhbərliyinə - Bərzaniyə də KYB vasitəsilə təsir edir. Vaşinqtonun İranın bu siyasətinə səs çıxarmaması isə Bərzanini Mosul əməliyyatı öncəsi Bağdadla yaxınlaşdırdı. Sentyabrın sonunda Bağdada gedərək baş nazir İbadi ilə görüşən Məsud Bərzani Mosula girəcək İraq ordusuna peşmərgə ilə şəhərin kənarından dəstək veriləcəyini açıqlayıb. Bunun ardından bölgədə İraq ordusunun sayı da artırılıb.
Böhrandan əvvəl Başikaya gedərək sünni birlikləri ziyarət edən Bərzani, bununla Ankaranın yanında olduğu mesajını vermişdi. Ancaq sentyabr ayında Bağdad ziyarətinin ardından Başika böhranında iki tərəfə də müsbət və ya mənfi mesaj verməkdən çəkinir. O, partiyaların 9 oktyabrda İraqda Türkiyəyə əsgərlərini geri çəkməsi çağırışını imzalamadı. Ancaq Ankaraya dəstək verəcək heç bir açıqlama da vermədi.
Bərzaninin Bağdad və onun vasitəsilə Tehranla yaxınlaşması başqa bir nəticə də ortaya çıxardı. O, son bir aya qədər Mahmur şəhərindən kənarda düşərgələrdə əməliyyatlara hazırlaşan şiə silahlıları və İraq ordusunun komandirlərini Ərbilə dəvət etdi.
İraq ordusunun Mosul əməliyyatına rəhbərlik edən Nəcm El Cuburi peşmərgə ilə əməkdaşlığın gücləndiriləcəyini deyib. Həm Ərbil, həm də Ankaranın əməliyyatda iştirak etməsi tərəfdarı olduğunu deyən Cuburi sünnilərin “Haşdi Vətəni” birliklərinin də onun rəhbərliyi altında Mosula girəcəyini bildirib. Bu birliklərin əməliyyata qoşulmasına Bağdad bu günə qədər etiraz edirdi.
TAHİR