Ağa Seyidli: "Dünyanı bu cür fırıldaqlarla aldatmaq mümkün deyil"
Ermənistan KİV-ləri növbəti hiyləyə əl ataraq özlərini tolerant göstərmək istəyib. Onlar Aşura günündən də yararlanmağa çalışıb. Ermənistanın əksər informasiya portallarında guya İrəvanda Aşura gününün keçirilməsilə bağlı materiallar və videolar yerləşdirilib.
Videodan görünür ki, çox az sayda İran vətəndaşı mərsiyə deyir. Ermənistan təbliğat maşınının bu məsələdə hansı məqsədi güddüyü bəllidir. Onların varvar, dini abidələri və məscidləri dağıdan olduqları ilə bağlı bizim apardığımız əsaslı təbliğatı pozmaq istəyirlər. Bu cür təbliğatla ermənilər nəyə nail ola bilər?
İlahiyyatçı Ağa Seyidli qəzetimizə açıqlamasında bildirdi ki, bu hadisəni də erməni təbliğat maşınının növbəti hiyləsi saymaq olar: "Gəlin statistikaya nəzər yetirək. Dünyada çox az ölkə var ki, monoetnikdir. Ermənistan yürütdüyü siyasət nəticəsində bu "titulu" qazana bilib. Demək olar ki, bütün etnik azlıqlar ölkədən çıxarılıb. Ermənistanın tarixi müsəlman abidələri və məscidlərilə necə davrandığını bilirik. Bu barədə kifayət qədər təkzib olunması mümkün olmayan faktlar var. Azərbaycan tərəfi onları lazım olan beynəlxalq qurumlara təqdim edib. Ermənistan, eyni zamanda, dini tolerantlıq və multikultural dəyərlərə münasibət baxımından da Azərbaycana çox uduzduğunun fərqindədir. Buna görə də belə bir üsula əl atıblar. Ermənistan nəinki məscidləri, hətta orada olan bütün müsəlman qəbirlərini də darmadağın edib. Belə adamlardan hansı mərhəməti və dinə hörməti gözləmək olar? Onlar bu cür təbliğatla həm də sübut etməyə çalışır ki, onların ölkəsində hələ də azərbaycanlılar yaşayır. Göründüyü kimi, informasiyanın təqdimatında həmin adamların iranlı olduğu yazılmır. Ermənistanda müsəlman əhalisi yaşamadığı üçün bu məlumatı ciddi saymaq olmaz. Dünyanı bu cür fırıldaqlarla aldatmaq mümkün deyil".
Məhəmmədəli QƏRİBLİ