Prezidentlər İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İstanbulda bir araya gəlməsi fonunda indi geniş müzakirə predmetinə çevrilən məsələlərdən biri də Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması ilə bağlıdır. Belə formatın yaradılması əslində iştirakçı dövlətlərin hər birinin marağına cavab verir.
Üstəlik, liderlər hələ cari ilin avqust ayında bu formatın əsasını qoymuşdular. Belə ki, avqustun 8-də Bakıda səfərdə olan Putin bir gün sonra Sankt-Peterburqda Ərdoğanı qəbul etmişdi. Həmin görüşdə regionda məhz Azərbaycan-Türkiyə-Rusiya formatının anonsu verildi. Lakin görüşdən sonra bu format haqda çox da danışılmadı, hər halda, bununla bağlı heç bir məlumat mediaya çıxmadı. İstanbul görüşü isə qeyd olunan formatı yenidən gündəmə gətirdi.
Barəsində bəhs edilən format, yuxarıda qeyd olunduğu kimi, iştirakçı ölkələrin marağına uyğun gəlir. Azərbaycan üçün isə burada əsas önəmli məqam bu formatın Qarabağ münaqişəsinin həllinə hansı təsir göstərəcəyidir. Artıq İrəvanda Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin Dağlıq Qarabağla bağlı gizli müzakirələr apardığı iddia edilir. Bu xüsusda "Armenianreport" saytında yayımlanan məqalənin müəllifi Tevos Arşakyan yazır ki, İstanbul görüşü erməni siyasətçiləri və rəsmilərin təşvişinə səbəb olub: "Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasından həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar". Həmçinin, İstanbulda prezidentlər arasındakı müzakirələrdə Qarabağ məsələsinin də gündəm olduğu deyilir. Müəllif qeyd edir ki, Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın Avrasiyaya inteqrasiyasına şərait yarada bilər: "Təbii ki, bu inteqrasiyanın qarşılığı olaraq ərazilərin Azərbaycana qaytarılması baş verə bilər. Burada Ermənistan çox zəifdir. Çünki bütün hərbi infrastrukturumuz ruslardan asılıdır. Hətta birgə hava hücumundan müdafiə sisteminin yaradılması və "İsgəndər"lərin Ermənistana verilməsi belə Rusiyanın öz maraqları üçün nəzərdə tutulub. Bütün bunlar heç vaxt Ermənistana aid olmayıb və Rusiya Ermənistanı deyil, öz cənub sərhədlərini müdafiə edir. Görüşün nəticələrinin Ermənistan üçün yaxşı olmadığını, yəqin ki, yaxın günlərdə görəcəyik ".
Çox maraqlıdır ki, prezidentlərin İstanbul görüşündən sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında çıxışında Qarabağ münaqişəsi barədə çox maraqlı açıqlamalar verib. Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin bütün regionun sabitliyinə təhdid olduğunu bildirib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səmimi səylər ortaya qoyduq. Ermənistanla da münasibətlərimizin normallaşması üçün səy göstərdik, İsveçrədə razılaşma imzalandı, lakin uğurlu olmadı". Nazir bildirib ki, Minsk Qrupunun, həmçinin Rusiyanın da bu münaqişənin həlli ilə bağlı səyləri var: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən, xüsusilə 5 rayondan çıxarılması məsələsi son vaxtlar gündəmdədir. Rusiya bu səylərini bizimlə paylaşdı, biz də dəstəyimizi ifadə etdik. Biz Azərbaycanın maraqlarında olan istənilən nizamlanmanı dəstəkləyirik. Ermənistanla da münasibətlərimizin düzəlməsini istəyirik. Niyə bu işğal davam etməlidir?". M.Çavuşoğlu Minsk Qrupunun da bu istiqamətdə səylərini artırmalı olduğunu vurğulayıb. Amma burada ən maraq doğuran fikir Mövlud Çavuşoğlunun Ermənistan Silahlı Qüvvələrinin ilk olaraq 5 rayondan çıxarılmasına dair səsləndirdiyi fikirlər oldu. Özü də o, açıq şəkildə bunun Rusiyanın səyləri olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Rusiya bu istiqamətdə səyləri barədə planlarını Türkiyə ilə bölüşüb. Bütün bunlar da prezidentlərin İstanbul görüşündən sonra baş verib. Beləliklə aydın olur ki, Azərbaycan-Türkiyə-Rusiya formatı mütləq mənada Qarabağ münaqişəsinin həllinə təsir edəcək. Əks təqdirdə bölgədə müharibənin yenidən alovlanması qaçılmazdır. Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da qeyd edir ki, Rusiyanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kompromisə çatmaqdır: "Bu kompromis hər kəsi qane etməlidir. Bu kompromis ölkə daxilində geniş müzakirə edilməlidir. Kazan prinsipi münaqişənin həllində yaxşı addım idi, bu prinsipə əsasən, 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan daxili problemlərlə üzləşir, onlar xalqa göstərə bilmirlər ki, bu lazımdır. Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, hər zaman alışa bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq".
Nahid SALAYEV