“Boz zona”lar nəzarətsiz ərazilərdir və hansı dövlətin ərazisindədirsə, ora təhlükə mənbəyi olaraq qalır. Bu ərazilər sivil qanunlar işləməyən və cinayətkar qruplaşmaların müəyyənləşdirdiyi qaydalarla idarə olunaraq onların maraqlarına xidmət edən bir məkana çevrilir. Həm də “boz zona”larda yaşayan insanlar müəyyən qrup separatçı və ya terrorçunun əsirinə çevrilir, onların çirkin planlarının icraçıları olurlar.
Belə yerlər dünyanın ayrı-ayrı qitələrində mövcuddur. Məsələn, Latın Amerikasında, Kolumbiyada, Peruda və Boliviyanın bəzi bölgələrində belə yerlər var. Bu “boz zonalar”dan gələn əsas transmilli təhlükələr narkotiklərin qanunsuz dövriyyəsi, silah ticarəti, terror təşkilatlarının filiallarının və separatizm ocaqlarının fəaliyyəti ilə bağlıdır. Azərbaycan da belə təhlükə ilə uzun illər üzləşmiş ölkələr sırasındadır. Məlum olduğu kimi, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi 30 ildə həmin əraziləri “boz zona”ya çevirmişdi. Düzdür, Azərbaycan 3 il əvvəl öz gücü ilə ərazilərində “boz zona”nın aradan qaldırılması üçün hərəkətə keçərək oranı terrorçulardan və narkotacirlərdən azad etdi. Ancaq hələ də Xankəndi və Qarabağın bəzi yaşayış məntəqələri erməni separatçıların nəzarətindədir.
Ümumilikdə, beynəlxalq praktikada “boz zona”nın hansı analoqları olub? “Boz zona”nın mövcudluğu Azərbaycana hansı kəskin addımları atmağa əsas verir? Biz onu necə ortadan qaldıra bilərik?
Sözügedən məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən politoloq Tural İsmayılov bir sıra məqamlara toxundu: “Əvvəla, “boz zona” anlayışı dünyada müxtəlif anlamlarda istifadə edilir. Əsasən siyasi mənası olan və bufer zona anlamından sinonim kimi istifadə edilən söz hesab edilir. Lakin bununla bağlı bir qədər münasibətlər də fərqlidir. Çünki siyasi nəzəriyyəçilərin bir çoxu hesab edir ki, “boz zona” tərəflərin razılığı nəticəsində elan edilən bir zonadır. Eyni zamanda, bəzi siyasətçilər hesab edirlər ki, ümumiyyətlə, boz zonaların dövlətlərarası danışıqda predmet olmaq ehtimalı yoxdur. Bunun dünyada bir çox örnəyi var. Buna yanaşmanın özü də siyasi nəzəriyəçilər tərəfindən çox fərqlidir. Bir qisim nəzəriyəçi tərəfindən Şimali İrlandiya ərazisi “boz zona” hesab edilir. Digər qisim də hesab edir ki, Kolumbiyada narkotik kartelləri ilə hökumət qüvvələri arasında qalan ərazilər “boz zona”dır. Yəni, beynəlxalq praktikada bunun bəzi analoqları mövcuddur. Azərbaycanda isə “boz zona” varlığını davam etdirə bilməz. Çünki biz ərazilərimizdə hansısa bir terror yuvasının qalmasına dözməyəcəyik. Biz görürük ki, müəyyən xarici qüvvələr Azərbaycan ərazisində “boz zona”nın qalmasına çalışırlar. Söhbət Qarabağın müəyyən hissəsinə hələ də erməni separatçıların, terrorçuların nəzarət etməsindən gedir. Ona görə də biz də beynəlxalq praktikadan çıxış edərək gərəkən tədbirləri görməliyik. Qarabağdakı həmin “boz zona”nı yalnız antiterror əməliyyatı ilə ləğv etməliyik. O cümlədən, Azərbaycan delimitasiya olunmamış sərhədlərdə hansısa “boz zona” yaradılma ehtimallarını əsla qəbul etməyəcək”.
Vidadi ORDAHALLI