"Comstock Resources Inc." şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzaladığı və SOCAR-ın və ya onun tam mülkiyyətində olan törəmə şirkətinin "Comstock"un müəyyən aktivlərində passiv iştirak payları əldə etməsini nəzərdə tutan niyyət məktubu şirkətin kredit profili üçün müsbət amildir.
Bu barədə "S&P Global Ratings"in məlumatında deyilir.
Reytinq agentliyində xatırladılıb ki, 1 sentyabr 2026-cı ildə elan olunan sövdələşmə SOCAR-ın "Legacy Haynesville"də Comstock-un hasilat aktivlərində 20%-lik passiv işçi iştirak payını, "Western Haynesville"də hasilat aktivlərində 15%-lik passiv işçi iştirak payını, həmçinin "Comstock"a məxsus "Pinnacle Gas Services LLC" şirkətinin 73%-lik iştirak payının 15%-ni əldə etməsini nəzərdə tutur. Alış qiymətinə standart düzəlişlərin nəzərə alınmağı ilə, sövdələşmənin ümumi dəyəri nağd şəkildə 1,65 milyard ABŞ dolları təşkil edir. SOCAR-ın "Western Haynesville" aktivlərindəki 15%-lik payı, bu aktivlərə yatırdığı investisiyadan 15%-lik gəlir əldə etdikdən sonra beş il ərzində 7,5%-ə qədər azalacaq.
"Niyyət məktubu tərəfləri yekun sazişin bağlanması ilə bağlı danışıqlar aparmağa öhdəlik götürür. Sazişin 31 oktyabr 2026-cı ilədək imzalanması, sövdələşmənin isə ilin sonunadək tamamlanması planlaşdırılır. Sövdələşmə standart bağlanış şərtlərinin yerinə yetirilməsindən asılıdır və qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il olaraq müəyyən edilib. SOCAR sövdələşmə çərçivəsində əldə etdiyi iştirak paylarına uyğun nisbətlərdə "Comstock"un "Legacy və Western Haynesville" rayonlarında həyata keçirəcəyi yeni layihələrdə iştirak etmək imkanı qazanacaq. Öz növbəsində, "SOCAR Comstock"a təbii qazının beynəlxalq alıcılara satış imkanlarını təqdim edəcək", - deyə məlumatda bildirilir.
"Comstock"un S&P tərəfindən "B" səviyyəsində müəyyən edilən emitent kredit reytinqi və stabil proqnozu dəyişməz olaraq qalır.
"Bu sövdələşməni şirkətin kredit profili üçün müsbət qiymətləndirsək də, yekun saziş hələ imzalanmayıb və "Comstock"un kredit göstəriciləri hələ də böyük ölçüdə təbii qazın qiymətlərindən asılıdır. "Comstock" sövdələşməyə daxil edilən bütün aktivlərin operatoru olaraq qalacaq, həmçinin sövdələşmə başa çatdıqdan sonra qaz sənayesinin orta və aşağı seqmentlərində fəaliyyət göstərən "Pinnacle" infrastruktur aktivində 62%-lik nəzarət payını saxlayacaq. "Comstock"un xalis gəlirlərinin bir hissəsini kredit xətti üzrə borclarının azaldılmasına yönəldəcə, həmçinin 2027-ci ilin martından etibarən vaxtından əvvəl geri alına biləcəyi, 2029-cu ildə ödəmə müddəti başa çatan istiqrazlarının bir hissəsini və ya hamısını potensial olaraq geri ödəyəcəyi gözlənilir. Qalan vəsaitlər şirkətə məxsus "Western Haynesville-dəki" 545 min xalis akr ərazinin mənimsənilməsi də daxil olmaqla, ümumi korporativ məqsədlərə yönəldilə bilər. Bundan əlavə, SOCAR "Comstock" üçün mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində imkanlar açır ki, bu da şirkətə potensial olaraq beynəlxalq satış bazarlarına çıxış əldə etməyə, həmçinin ticarət platformasını və qaz sənayesinin aşağı seqmentində marketinq imkanlarını genişləndirməyə imkan verəcək", - deyə reytinq agentliyində bildirilib.
"S&P Global Ratings"in qiymətləndirməsinə görə, bu sövdələşmə "Comstock"a ilin əvvəlindən formalaşan sərbəst pul vəsaiti çatışmazlığını kompensasiya etməyə imkan verəcək və yaxın perspektivdə şirkətin kredit göstəricilərinin yaxşılaşmasına töhfə verməlidir.