Məlum həqiqətdir ki, Azərbaycanın Şərq-Qərb dəhlizinin inkişafındakı fəaliyyəti və yaratdığı kommunikasiya imkanları onu aparıcı beynəlxalq aktora çevirib. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, gələcəkdə Zəngəzur dəhlizinin reallaşması ölkəmizi mühüm nəqliyyat qovşağına çevirib. Bu gün Çindən, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları ölkəmizin ərazisindən keçir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Son illər rəsmi Bakının xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi xüsusilə diqqət çəkir. Əslində, münasibətlərin qısa zaman kəsiyində inkişafında ciddi tarixi siyasi əsaslar var. Azərbaycanla Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər, keçmiş sovetlər dönəmində iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin möhkəm bünövrəsini təşkil edir ki, bu da mövcud əməkdaşlığa böyük töhfə verir. Ölkəmizlə Mərkəzi Asiya arasında enerji sahəsində dərinləşən əməkdaşlıq isə dünya miqyasında xüsusi diqqət cəlb edir. Artıq Qazaxıstan neftinin əhəmiyyətli hissəsini Azərbaycan üzərindən dünya bazarına çıxarır. İndi Qərb dünyasında maraq doğuran məsələ türkmən qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılmasıdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb. Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb. İndi əsas məsələ yenidən Transxəzər qaz kəməri üzərində fokuslanır. İstanbulda keçirilən Türk Dünyası Biznes Forumda çıxışı zamanı Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin sədri Rifat Hisarcıklıoğlu yenidən bu mövzuya toxunaraq qeyd edib: “Transxəzər qaz kəmərinin inşasını ən qısa zamanda başlamaq lazımdır”. O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Türkmənistan arasında çəkiləcək qaz kəmərinin önəmini göstərib: “Biz Azərbaycanla Türkmənistan arasındakı əməkdaşlıqdan razıyıq. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə strateji addımlar atır. Bununla da aramızdakı həmrəylik və əməkdaşlıq daha da artacaq”. Serbiya prezidentinin keçmiş məsləhətçisi Damian Krneviç isə qeyd edir ki, Transxəzər qaz kəməri layihəsinin irəliləyişi üçün Türkmənistan hökumətinin birmənalı seçimi, həmçinin Qərbin möhkəm tərəfdarlığı lazımdır: "Bundan əvvəl də prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan əvvəlki kimi Türkmənistanın iştirak etdiyi istənilən Transxəzər qaz kəməri layihəsində iştiraka hazır olacaq, lakin bu layihəyə təşəbbüs göstərməyə və ya investisiya qoymağa hazır olmayacaq. Hazırda bildiyiniz kimi, Türkmənistanın iştirakı ilə bu cür təkliflər müxtəlif formalarda onilliklərdir ki, dövr edir. Onlardan heç biri yekuna yaxınlaşmayıb, çünki son nəticədə Türkmənistanın birmənalı olaraq layihə üzərində çalışmağı seçməyi, həmçinin Qərb ölkələrinin analoji olaraq onu dəstəkləmək üzrə sarsılmaz öhdəliyi lazımdır". Krneviçin izah edir ki, bu üç qarşılıqlı əlaqəli aspektə malikdir: maliyyələşdirmə, bazar tələbatı və sazişlərin davamlılığı. O qeyd edib ki, Aşqabadın irimiqyaslı strateji layihənin icrasında irəliləməsi üçün avropalıların öz üzərlərinə lazımi öhdəliyi götürməyə hazır olduqları məqam hətta indinin özündə də Qərbin rus qazından imtina siyasəti kontekstində keçir. Ekspert bunun sadəcə Avropa İttifaqının (Aİ) yeni karbohidrogen layihələrini dəstəkləməkdən kənarda qalmaq kimi siyasi seçimlə əlaqəli olmadığını vurğulayıb: "Hətta bu siyasəti hasısa formada dəyişmək olsa idi, Türkmənistan əlavə olaraq ciddi təhlükəsizlik təminatları, yəni təkcə avropalıların deyil, amerikalıların da iştirak etdiyi birmənalı təhlükəsizlik təminatları əldə etmək istəyəcəkd”. Onun sözlərinə görə, türkmən qazı Türkiyənin Cənub Qaz Dəhlizinin Azərbaycan və Gürcüstan ərazisindən keçərək Anadoluya uzanan hissəsinə paralel yeni boru kəmərinin köməyilə böyük qaz qovşağına çevrilmək ideyasını bəsləyir.
Bunlar fonunda elə bu günlərdə Türkmənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə Transxəzər qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi, maliyyə faktoru görmür. Bildirlir ki, Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş Transxəzər qaz kəmərinin tikintisi ideyası ölkə tərəfindən ilkin olaraq təkcə iqtisadi və kommersiya baxımından sərfəli layihə kimi deyil, həm də istehsalçıların, istehlakçıların və tranzit ölkələrin maraqlarının və faydalarının bərabər nəzərə alınması əsasında qlobal enerji təhlükəsizliyinin və dayanıqlığının əsas şərti kimi enerji axınlarının şaxələndirilməsinin vacib hissəsi kimi qiymətləndirilib. Yeri gəlmişkən, layihənin bütün potensial iştirakçıları bununla razılaşır. Bəyanatda vurğulanır ki, Türkmənistan Transxəzər boru kəmərinin tikintisi ideyasını həyata keçirməyə imkan verəcək lazımi siyasi, maliyyə, təşkilati şəraitin yaradılmasına səy göstərib. Bu məqsədlə Türkmənistan, Azərbaycan və Avropa İttifaqının müvafiq enerji idarələrinin rəhbərlərindən ibarət üçtərəfli tərəfdaşlıq mexanizmləri formalaşdırılıb: “Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan arasında dəniz dibinin delimitasiyası ilə bağlıdır. Bundan əlavə, Türkmənistan qaz kəmərinin tikintisinə mane olan siyasi, iqtisadi, maliyyə faktorlarının olmadığına əmindir. Əksinə, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi nöqteyi-nəzərdən özünü doğrultmuş, Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadir, Avropa istehlakçılarının xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışını təmin etməklə yanaşı, onun həyata keçirilməsi tranzit tərəfinin açıq-aşkar faydalarını və maraqlarını da nəzərə almaqla mümkündür. Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq, Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”. İndi hesab edilir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistan arasında yaxınlaşma fonunda Transxəzər boru kəmərinin reallığa çevrilmə ehtimalı daha da artır. Bunu artıq Qərb də istəyir.
Ramil QULİYEV