Ermənistanın ədliyyə naziri Qriqor Minasyan ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin işini tənzimləyən Roma Statutuna qoşulacağı təqdirdə Ermənistan-Rusiya münasibətləri üçün risklər barədə sualları cavablandırarkən bildirib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının Rusiya Federasiyası ilə bağlı proseslərə heç bir aidiyyatı yoxdur.
Nazir qeyd edib ki, Ermənistan prosesə Rusiya prezidentinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl başlayıb:
“Beləliklə, məqsədimiz dövlət maraqlarımızı qorumaq üçün yeni cinayət-hüquqi alətlər yaratmaqdır. BCM ərazimizdə törədilmiş hərbi cinayətlərə qarşı beynəlxalq məhkəmə mexanizmlərindən istifadə etmək imkanı verir. Bu, yaxşı müdafiə vasitəsidir və ondan istifadə edə bilməmək təəssüf doğurar. Yenə deyirəm, bu prosesin sizin səsləndirdiyiniz məsələlərə heç bir aidiyyatı yoxdur”.
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulmaqla bu məhkəmənin Putinin “həbs edilməsi” ilə bağlı verdiyi orderi yerinə yetirməyə borclu olmayacaqmı” sualına Minasyan: “Bu, artıq siyasi məsələdir. Hüquqi bazaya gəlincə, o, bizə qarşı edilən hərbi cinayətlərə beynəlxalq səviyyədə baxılması üçün mexanizm yaradır”.
Ermənistan rəsmisinin məntiqdən uzaq və bir-birinə zidd olan bu açıqlamasını necə dəyərləndirmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Roma statusu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq. Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa, Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, BCM mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır. Göründüyü kimi, dünənə qədər özünü Rusiyanın “müttəfiqi” hesab edən Ermənistan Roma Statutunun ratifikasiyası üçün sonuncu mərhələyə qədəm qoyur. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu 15 iyun 1998-ci il və 17 iyul 1998-si il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Qeyd edək ki, beynəlxalq müqavilələrə tez-tez status da deyilir və bu sənəd gündəlik istifadədə isə Roma Əsasnaməsi adlanır. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzalasa da, cəmisi 124 dövlət bu müqaviləni təsdiqləyib ki, Ermənistan da son mərhələni adlamaqla 125-ci tamhüquqlu təsdiqçi ola bilər. Ermənistan rəsmisinin açıqlaması da daha çox “ehtiyatlı davranışı” özündə əks etdirir. Dünənə qədər Rusiyanın qapısında “qəbul” gözləyən Ermənistanın bu gün Rusiyaya qarşı belə kəskin qərarlar verən qurumla “əməkdaşlığa” can atması onların mahiyyətindən xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ