Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə danışıb. Azərbaycan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib.
Yeri gəlmişkən qeyd edək ki, G-20 ölkələrinin liderlərinin iştirakı ilə 9-10 sentyabrda Hindistanın paytaxtı Yeni Delhi-də keçirilən sammitdə Hindistandan Avropaya ixrac marşurutundan da danışılıb. Əksər müşahidəçilər və ekspertlər sammitdə təklif edilən və bəzi dövlətlərin də müdafiə etdiyi bu marşuruta, yəni Hindisatndan malların dəniz və quru yolla Avropaya daşınması ideyasına fantastik bir məsələ kimi baxırlar. Bəziləri deyirlər ki, əslində bu Amerikanın, Hindistanın Çinin layihəsi olan “Bir kəmər, bir yol”, “İpək Yolu”na qarşı qoyduğu bir layihədir.
Azərbaycan Prezidenti isə “İpək yolu”nun rəqəmsallaşdırılması, onun işləmə mexanizminin daha da təkmilləşdirilməsi məsələsini qaldırıb. Əslində, bu Hindistandan Avropaya olan ideyanın, layihənin alternativinə çevilə bilərmi?
“İpək Yolu”nun rəqəmsallaşdırılması G-20-lərin Hindistanda keçirilən məlum sammitində təklif edilən Hindistandan Avropaya malların daşınması layihəsinin alternativliyi baxımından nə dərəcədə tutarlıdır? Çünki bəziləri deyirlər ki, Hindistan və bəzi başqa ölkələr Azərbaycandan keçən “İpək Yolu”nun əhəmiyyətini azaltmaq üçün bu layihəni gerçəkləşdirmək istəyir.
Bu tərəfdən də Azərbaycan Prezidenti “İpək yolu”nun rəqəmsallaşdırılması məsələsini qoydu. Bizim “İpək Yolu”nun rəqəmsallaşdırılması Hindistanın Avropaya yeni ixrac marşurutu ideyasının alternativi ola bilərmi?
“Bu rəqəmsal layihə yükdaşımalar üçün nəzrdə tutulan “İpək Yolu”nun səmərəsini bir neçə dəfə artıracaqdır”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində əvvəlcə “Rəqəmsal İpək Yolu”nun (Digital Silk Way) hansı anlam daşıdığına aydınlıq gətirdi: “Rəqəmsal İpək yolu”nun tanıdığımız ənənəvi “İpək Yolu”na heç bir aidiyyatı yoxdur. Burada söhbət Avropa və Mərkəzi Asiya ölkələrini birəşdirən fiber-optik yüksək sürətli internet kabelinin çəkilməsindən gedir. Həmin internet kabelinin çəkilməsi bundan əvvəl Özbəkistan – Azərbaycan Birinci Forumunda da müzakirə edilib və bu barədə Özbəkistanla razılıq əldə olunub. İndi həmin razılıq Düşənbədə yenidən gündəmə gəldi və digər Mərkəzi Asiya ölkələri ilə bu layihənin razılaşdırılması prosesi davam edəcək. Bu internet kabeli Azərbaycan üzərindən Xəzərin dibi ilə Orta Asiyaya keçəcək və kabel daha sürətli informasiya mübadiləsini təmin edəcək. Bildiyiniz kimi, hazırda Mərkəzi Asiya ölkələri informasiya, internet baxımından Rusiya üzərindən gələn internet kabeli ilə qidalanır. Bu isə artıq köhnəlmiş internet-kabel marşurutudur. Eyni zamanda da həm Mərkəzi Asiya ölkələri, həm Avropa ölkələri bu qənaətdədir ki, Rusiyadan yan keçməklə internet kabelinin Mərkəzi Asiya ölkələrinə keçməsi vacib məsələlərdən biridir. Belə görsənir ki, Mərkəzi Asiya ölkələri də bunu hiss edir və bu səbəbdən də Azərbaycan hökuməti belə bir təşəbbüsdə bulunub. Bu təşəbbüs bəzi Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir, buna Özbəkistabn qoşulub, Tacikistan qoşulur, yəqin ki, Qazaxıstan da, Türkmənistan da bu məsələyə qoşulacaq. Gələcəkdə bu kabelin uzanaraq Çinə qədər davam etməsi gözləniləndir. Ümumiyyətlə, söhbət bundan gedir. Azərbaycan artıq bunu ikinci ölkə ilə razılaşdırır”.
A.Nəsirli qeyd etdi ki, bu məsələ Qazaxıstan və Türkmənistanla da razılaşdırıldıqdan sonra bu layihələndirilməsi və layihənin həyata keçirilməsi prosesi başlayacaq.”Artıq “Rəqəmsal İpək Yolu” layihəsi barədə Avropa ölkələrində yazılar gedir.
“Qeyd edim ki, “Rəqəmsal İpək Yolu”nun işə düşməsi Avropa ilə Çini birləşdirərək Azərbaycan üzərindən keçən “İpək yolu”nun informasiya təminatını yaxşılaşdırmaqla, gücləndirməklə bu yolun əhəmiyyətini Avropa, Çin, onun üzərində yerləşən digər ölkələr üşün əhəmiyyətini daha da artıracaq. “Rəqəmsal İpək Yolu” layihəsi bu yaxınlarda G-20-lərin sammitində müzakirə olunan Hindistan Avropa ixrac marşurutunun əhəmiyyətini aşağı salacaq. Yəni bu rəqəmsal layihə yükdaşımalar üçün nəzrdə tutulan “İpək Yolu”nun səmərəsini bir neçə dəfə artıracaqdır. Ona görə də artıq Hindistandan Avropaya çəkilməsi nəzərdə tutulan o dəmir yolu, quru yol, dəniz marşurutları nəzərə alınmaqla çəkilməsi planlaşdırılan həmin yolunu əhəmiyyətini aşağı salacaq, onu bir xülyaya çevirəcəkdir. Bəlkə də o marşurutun heç bundan sonra çəkilməsi layihəsinin reallaşdırılması baş tutmayacaq”-deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA