Ermənistanın baş naziri Nikol Paşinyanın Qərb mediasına biri-birinin ardınca verdiyi müsahibələr bu ölkənin xarici siyasətində ciddi dəyişikliklərin olduğunu göstərir. Belə görünür ki, Ermənistanın ərazisində Rusiyanın fəaliyyətini məhdudlaşdırmaqda israrlıdır. Hər halda Paşinyanın İtaliyanın “La Republica”, ardınca ABŞ-ın “Politico” nəşrinə müsahibəsində dedikləri də bunu təsdiq edir.
O, yenə təhülküəsizlik məsələsində Rusiyaya arxalanmağın səhv olduğunu vurğulayır. “Politiko” nəşrinə müsahibəsində o qeyd edir ki, Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz. O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi”. N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”. Ermənistanın hökumət başçısı, həmçinin, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasaydı, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”. Paşinyanın başqa bir etirafı ondan ibarətdir ki, o, Rusiyadan asılı olan Ermənistanın hələ də müstəqil dövlət ola bilmədiyini bildirib. O, hökumətin Rusiyanı narazı salan Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirib: “Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır". Xatırladaq ki, 2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb. Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə rəsmi İrəvanın Rusiya rəhbərliyinin ölkəyə daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi17 martda Vladimir Putinin həbsi ilə bağlı qərar qəbul edib. Baş veənləri şərh edən rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Paşinyan və Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru sürüklənir: “Bu, artıq tendensiya deyil - bu, İrəvanın strateji siyasi kursudur. Ermənistan artıq Rusiyaya dost dövlət deyil. “Qardaş xristian xalqı” haqqında mantranı unudun və tarixin zibil qutusuna atın. İndi gəlin Ermənistanı yalnız əməllərinə görə qiymətləndirək - həm də beynəlxalq erməni diasporasının işləri haqqında”. Beləliklə, Rusiya-Ermənistan münasibətləri artıq mahiyyətcə ciddi dəyişikliyə uğrayır. Halbuki, Rusiya imperiyasının iki əsrdən çox əvvəl Qafqaza genişlənməsinin ilk günlərindən, Sovet İttifaqının dağılmasından bəri Rusiya Ermənistanın əsas təhlükəsizliyinin təminatçısı olub. Moskva Türkiyə sərhədinə yaxın Gümrüdə bir neçə min əsgəri olan hərbi baza saxlayır və Rusiya sərhəd qüvvələri Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. 2020-ci il Qarabağ Savaşından sonra 2000 nəfərlik Rusiya sülhməramlıları Ermənistanın Azərbaycanla münaqişəsinin mərkəzində olan Ermənistanın nəzarətində olan separatçı bölgə olan Qarabağa yerləşdirilib. Amma artıq İrəvan Rusiyadan üz çevirərərk, xarici siyasətini bir neçə istiqamətdə şaxələndirir. Belə ki, Ermənistan ənənəvi silah təchizatçısı olan Rusiyadan sonra, Hindistanı yeni silah təzhizatçı kimi görür. Ukrayna müharibəsinin başlamasından sonra Ermənistan cənubdakı qonşusu İranla da münasibətlərini inkişaf etdirir. Xarici siyasətdəki ən bariz dəyişiklik isə Qərb ölkələri ilə də əlaqələrin gücləndirməsidir. Ermənistan Avropa İttifaqının sərhəddə müşahidəçilərinin yerləşdirilməsini alqışlayıb. Aİ Ermənistan və Azərbaycan arasında danışıqlarda münaqişənin həll üçn aparıcı rolu öz üzərinə götürüb. İran və Hindistanla münasibətlər rəsmi Moskvanı təşvişə salmasa da, Qərb ölkələri ilə əlaqələr daha həssasdır. Erməni analitik Mikayel Zolian hesab edir ki, Rusiyanın bunu Ermənistanın Qərbə doğru getməsi kimi qəbul edilməsi ehtimalı yüksəkdir: “Ermənistan nə edirsə etsin, əgər Rusiyayönlü deyilsə, Rusiya onu Qərbyönlü və anti-Rusiya kimi görür".
Düzdür, Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsinin Ermənistanla hər hansı bir problem yoxdur. Amma bunun ardınca Ermənistanın Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan rəsmilərinin Rusiya əleyhinə səsləndirdiyi bir sıra bəyanatları sadalayaraq, əlavə edib: “Biz bu addımları qeyri-dostluq kimi qiymətləndiririk və ikitərəfli kanallarda erməni həmkarlarımız, tərəfdaşlarımız, dostlarımızla müzakirə etmişik, amma bunu ictimaiyyətə danışmağın vaxtı çatıb. Çünki getdikcə daha çox suallar yaranır”. Belə bir zamanda İrəvan yaxınlığındakı Zar və Armavir təlim mərkəzlərində Ermənistan və ABŞ birgə təlimlər keçirir. Bu təlimlərin sentyabrın 20-də başa çatacağı gözlənilir. Təlimin özü hərbi baxımdan o qədər də əhəmiyyət kəsb etməsə də, analitiklər hesab edirlər ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT-nın təlimlərində iştirakdan imtina etməsi fonunda aydın siqnaldır. ABŞ-ın Qafqazdakı keçmiş müdafiə attaşesi, hazırda Pensilvaniya Ştatındakı ABŞ Ordusunun Hərbi Kollecində tədqiqatçı professor Bob Hamiltonun fikrincə, təlimin təşkilatçıları çətin geosiyasi məqamdan xəbərdar idilər, lakin təlim planlaşdırdıqları kimi davam etmək qərarına gəliblər: “Yəqin ki, təşkilatçılar Rusiya narazıdır deyə, təlim keçirməkdən geri çəkilmək görüntüsü vermək istəməyiblər”. Hamilton ABŞ və Ermənistanın təlimlərini, “naviqasiya azadlığı” təlimləri ilə müqayisə edib. “Naviqasiya azadlığı” təlimlərində dəniz gəmiləri sadəcə olaraq, beynəlxalq sularda üzür və bununla da həmin sularda üzmək hüquqları olduğunu nümayiş etdirirlər. Hamilton hesab edir ki, ABŞ-ın Ermənistandakı təhlükəsizlik maraqları hələ də məhduddur. İrəvanda yerləşən APRI Ermənistan analitik mərkəzinin xarici siyasət üzrə baş elmi işçisi Benyamin Poqosyan isə düşünür ki, hansısa səbəbdən sentyabr ayın əvvəlindən Ermənistan hökuməti Rusiyanı qıcıqlandıracaq addımlar atmağa qərarı verib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun xarici siyasət üzrə analitiki Nikolay Silayev də bu fikirlə razılaşır: “Görünür, Paşinyan hesab edir ki, Qərblə münasibətləri yaxşılaşdırmaq üçün Rusiyanı qıcıqlandıran bir şey etməlidir. Bu da Rusiyanın nəzərində Qərbə keçid kimi görünür”. Amma Mikayel Zolian hesab edir ki, Ermənistanın strategiyası Azərbaycana qarşı dəstək toplamaq üçün qərbyönlü oriyentasiya təəssüratı yaratmaq da ola bilər. Onun fikrincə, İsraildən Azərbaycan yeni silah göndərilməsi və rəsmi Bakının səbirsizləşən ritorikası erməniləri təşvişə də sala bilər: “Ancaq mən hesab edirəm ki, Paşinyanın Qərbdən bəzi mesajlar alması da mümkündür. Bu mesajlar da onu ruslarla münasibətlərə daha cəsarətli olmağa sövq edib. Bununla belə, bu, riskli strategiya olaraq qalır. Qərbdən bəzi mesajlar olsa belə, o demək deyil ki, Qərb hər vədinə mütləq əməl edəcək. Deməli, Ermənistan və Qarabağ üçün çox təhlükəli zamandır”. Zolianın fikrincə, Rusiya Ermənistanın çox uzağa getdiyini anlayırsa, Ermənistana hələ də təzyiq göstərə biləcəyi bir neçə rıçaq var. Məsələn, İrəvan Rusiyadakı əməkçi miqrantların pul köçürmələrindən çox asılıdır. Zolianın fikrincə, bu da Moskvanın istədiyi vaxt müdaxilə edə biləcəyi bir kanaldır: “Ermənistan təbii qazın demək olar ki, hamısını Rusiyadan alır. Qarabağdakı Rusiya sülhməramlıları isə hələ də orada mühüm təhlükəsizlik rolunu yerinə yetirirlər”. Nikalay Silayev Rusiyanın bu rıçaqların işə salacağını gözləmir: “Rusiyanın yanaşması ondan ibarətdir ki, biz Ermənistanla müttəfiqliyə sadiqik və münasibətləri pisləşdirən Moskva deyil”. Onun fikrincə, görünür, Paşinyan Ermənistanın bütün uğursuzluqlarına və bədbəxtliklərinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq istəyir.
Tahir TAĞIYEV