Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində bildirib ki, Laçın yolunun ötən dekabrdan bəri “bağlanmasına” görə hazırda Qarabağın 5 min sakini Ermənistandadır. O bunu da deyib ki, daha 30 min erməni isə Azərbaycan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 7-ci bəndini yerinə yetirmədiyinə (!) görə Ermənistanda qalır.
Paşinyanın bu açıqlamalarından belə bəlli olur ki, Qarabağda olmalı olan 35 min erməni burada deyil. Halbuki, indiyə qədər ermənilər iddia edirdi ki, Qarabağda guya 120 min erməni var. Amma Paşinyan deyir ki, onaların azı 35 mini Ermənistandadır. Deməli, Qarabağda 120 min ermənidən söhbət gedə bilməz və ermənilərin bu xüsusda dediklərinin yalan olduğunu Paşinyan etiraf etməli olub. Təbii, o da sirr deyil ki, Qarabağda yaşayan ermənilərin sayı iddia olunduğu kimi 120 min deyil, 40 min nəfərə yaxındır. Onların da təqribən 5000 nəfərinin Rusiya vətəndaşı olduğu bildirilir. Son dövrlərdə Rusiya vətəndaşlığını qəbul edən ermənilərin buradan sürətli köçü başlayıb. Həmin 5000 nəfərin Qarabağı tərk etməsi ermənilərin sayının əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu, əlbəttə, Qarabağdan erməni köçünün başlanğıcıdır. Bu köçün BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili iclasından sonra baş verməsi də təsadüfi deyil. Bütün ermənilər bu iclasda Azərbaycan əleyhinə sərt qətnamə qəbul olunacağına ümid edirdilər. Lakin onların bu ümidi puça çıxdı. İnteqrasiya prosesində iştirak etmək istəyən ermənilərin sayı kifayət qədər çoxdur. İnteqrasiya istəməyən ermənilər bölgəni tərk edib Ermənistana, yaxud başqa ölkəyə gedə bilərlər. Azərbaycan heç kəsə mane olmur. Qarabağda qalan ermənilərin say məsələsində Ermənistanın yalan danışdığını artıq dünya mediası da getdikcə daha çox qabardır. Belə ki, Moldovanın əsas kanalı “Moldova 1” televiziyasında yayımlanan reportajda müxbir erməni tərəfinin Qarabağdakı ermənilərin sayını 3 qat şişirtdiyini diqqətə çatdırıb. Litvanın ən tanınmış nəşrlərindən biri – “Delfi” də məqaləsində vurğulayır ki, “Qarabağdakı Kremlin əlaltısı” Ruben Vardanyan oradakı ermənilərin sayının 120 min olduğunu deməklə əhalinin sayını 3 dəfə şişirdir, son qiymətləndirmələrə görə, orada 40 minə yaxın sakin yaşayır. Ukraynanın ən böyük telekanalı “İnter” öz hesabatında qeyd edib ki, Qarabağda sakinlərin maksimum sayı 40 min nəfərdən çox deyil: “Halbuki, qondarma rejim buradakı sakinlərin sayının 120 minə çatdığını bildirib. Bu məlumat yalandır və təxribat xarakteri daşıyır”. İspaniyanın 45,3 milyon nəfərlik auditoriyası olan “Larazon" qəzetində dərc olunan materialda da Qarabağda yaşayan ermənilərin sayının 40 mindən çox olmadığı qeyd edilir. ABŞ-ın aparıcı və nüfuzlu siyasi dövri nəşrlərindən biri olan “The Hill” öz materialında qeyd edir ki,“rəqəmləri şişirtməklə separatçı rəhbərlik ermənilərin Ermənistan və Rusiyaya genişmiqyaslı miqrasiyasını gizlətməyə çalışır: “Onlar 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 faizinin işğalına haqq qazandırmaq üçün demoqrafik məlumatları eyni şəkildə şişirdirdilər”. Beləliklə, artıq erməni taktikası istənilən nəticəni vermir. Əksinə, destruktiv hərəkətləri və regionda sülhün bərqərar edilməsindən imtinası ilə səciyyələnən erməni siyasətinin əsl mahiyyətini ifşa edir.
Digər tərəfdən, Qarabağ erməniləri arasında vəziyyətin gərginləşməsi də hər keçən gün özünü qabarıq büruzə verir. Bu şəraitdə həmin ermənilərin köçünün daha sürətli xarakter alması ustisna edilmir. İndi Ermənistan bütün bunları nəzərə alıb müvafiq davranış sərgiləməlidir. Xüsusən də sülh müqaviləsinin imzalamasını tezləşdirməlidir. Yeri gəlmişkən, Paşinyan hökumət iclasında bildirib ki, İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib. O, təkliflərin detallarını açmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı bu məsələyə olduqca maarqlı münasibət bildirib: “Sülh sazişi ətrafında danışıqlar bir prosesdir və proses müxtəlif mərhələlərdən ibarətdir. Proses əsnasında fiziki görüşlər olur, bəzi hallarda həmin görüşlər bir neçə gün davam edir və şərtlər mübadilə edilir. Bir maraqlı tendensiyanı qeyd edim ki, bir qayda olaraq, Ermənistan tərəfi Azərbaycan tərəfindən göndərilən şərhləri 30-60 gün arasında özündə saxlayır. Bu çoxdur, ya azdır, şərh etməyəcəyəm. Bu müddət ərzində Azərbaycan tərəfi bunu prosesin tərkib hissəsi kimi qəbul edir. Çünki bizə nəticə daha vacibdir. Lakin Ermənistan tərəfi şərhlərini göndərəndən bir neçə gün sonra mətbuata çıxaraq “Biz Azərbaycana şərhlərimizi göndərdik” başlığı ilə anonslar verir. Bu dəfə isə Ermənistan tərəfi və baş naziri, hesab edirəm ki, yeni rekorda imza atıb. Belə ki, onlar şərhləri bizə göndərdikdən 40 dəqiqə sonra artıq mətbuata bəyanatla çıxış ediblər. Mənə görə, bütün bunlar tərəflərdən hansının prosesin həllinə nə dərəcədə maraqlı olduğunu və hansı tərəfin, sözün əsl mənasında, başlıqlara, siyasi bəyanatlara meyilli olduğunu əyani olaraq nümayiş etdirir”.
Tahir TAĞIYEV