AB-nin İrəvana iki illik müddətə “mülki missiya” göndərməsi barədə qərarı Rusiyada ciddi narahatlıqla qarşılanıb. Rusiya rəsmi dairələri ilə yanaşı, ekspertlər və rus mediası da olaya kəskin reaksiya sərgiləyir.
Ermənistanda hesab edirlər ki, İrəvan açıq şəkildə Rusiyadan Qərbə doğru dönüş edib. İrəvan nümayiş etdirir ki, Rusiyanın qoruma arxitekturası Ermənistanın təhlükəsizlik çağırışlarına xidmət etmir. Göründüyü kimi, rəsmi İrəvanın Ermənistana Avropa Birliyinin fransız missiyasını gətirməsi Rusiyada ciddi qıcıqla qarşılanır. Ona görə də, hesab etmək olar ki, Cənubi Qafqazda Rusiya-Fransa savaşı artıq başlayıb.
Rusiya bundan sonra hansı addımları ata bilər?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, Fransa çox gözəl anlayır ki, belə bir məsələ Azərbaycan qarşısında qaldırılsaydı, təbii ki, buna razı olmayacaqdı: “Çünki ən azından, Praqa görüşündə Azərbaycan buna öz etirazını bildirib və Azərbaycanın ərazisi çərçivəsində belə bir missiyanın olmayacağını birmənalı olaraq çatdırıb.
Sərhədlərin müəyyənləşməsi məsələsi bilavasitə bu missiyanın səlahiyyət çərçivəsinə aid deyil. Bununla bağlı işçi qrupu yaradılıb. Sadəcə, işçi qrup Ermənistanın prosesi sabotaj etməsi ucbatından işləmir.
Aİ, başda da Fransa olmaq şərtilə, regionda uzunmüddətli yerləşmədə maraqlıdır. Bu proses 2 ay üçün nəzərdə tutulurdu, artıq 2 il üçün nəzərdə tutulur, müşahidəçi sayı da artıb. Bu da onu göstərir ki, məsələnin arxasında ciddi geosiyasi niyyətlər mövcuddur.
Rusiya artıq Zaxarova səviyyəsində Brüsselə sərt etirazını bildirib. Zaxarova qeyd edib ki, Qərbin təntənəsiz və həyasız yanaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da müşahidə etmək olar: "Problemin nə regional spesifikliyi, nə də xüsusi həssaslığı nəzərə alınır. Vaşinqton və Brüsselin əsl məqsədləri heç də kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır”.
Görürsünüzmü, Rusiya rəsmisi hansı sərt ritorikadan istifadə edərək bu məsələyə reaksiya verir?
Rusiya hesab edir ki, Avropa İttifaqı, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana gəlişləri artıb. Bütün region əhalisinin maraqlarını nəzərə almayan tələsik təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli saziş əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasına gətirib çıxara bilər.
Ermənistan Azərbaycanla sərhədə KTMT missiyasının göndərilməsinə dair sənədin qəbuluna mane olduğu təqdirdə, Avropa İttifaqının Ermənistana yeni müşahidə missiyası göndərməsi üçün əlindən gələni edərək buna nail olması yaxın gələcəkdə bölgənin poliqona çevriləcəyi ehtimallarını artırır”.
Görünən budur ki, Cənubi Qafqaz uğrunda mübarizə həlledici mərhələyə keçib. Hazırda bəzi beynəlxalq güclər bu regiona can atırlar. Əsas hədəf Kremli Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq, sonra isə Rusiyadan boşalan yerə yerləşməkdir. Paşinyan özü də bu yaxınlarda demişdi ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkəsi üçün təhdiddir. Belə bir vaxtda İrəvan Rusiyanı qıcıqlandıracaq daha bir addım atıb. Məlum olub ki, Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək. Məlumata görə, missiya fevralın 20-də başlayacaq. Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır. Rusiyanın baş diplomatı Sergey Lavrovun da Aİ missiyasının gəlişinə açıq etirazı oldu. XİN başçısı qeyd etdi ki, Ermənistan Rusiya ilə müttəfiq olsa da, Avropanı bölgəyə dəvət edir. Rusiya Qərb təmsilçilərinin Ermənistan sayəsində regiona gəlişini xəyanət kimi görür.
Məhəmmədəli QƏRİBLİ