Ermənistanın təhlükəsizlik üzrə eksperti Tiqran Abramyan Azərbaycanın Qarabağdakı erməni icmasına psixoloji təzyiqə başladığını iddia edib. O deyib ki, guya Azərbaycan və Türkiyədən “Artsax”dakı ermənilərə şübhəli zənglər olur.
T.Abramyan iddia edir ki, separatçıların təhlükəsizlik xidmətinin bu cür zənglərə əhəmiyyət verməmək tövsiyəsi problemi həll etmir. Abramyanın fikrincə, qondarma qurumun nümayəndələri yerli əhaliyə xəbərdarlıq ediblər ki, tanımadıqları nömrələrdən gələn zəngləri qəbul etməsinlər. Hətta qəbul etsələr belə, bu barədə onlara məlumat versinlər: “Son günlərdə xəbər gəlib ki, Qarabağda azərbaycanlılar tez-tez yerli ermənilərə zəng vuraraq onlardan evlərini satmalarını istəyir. Bu isə erməni əhalisində narahatlığı daha da artırıb. Azərbaycanlılar Dağlıq Qarabağın əvvəl-axır özlərinə məxsus olacağını deyərək, onlara evlərini satmalarını təklif ediblər. Qarabağdakı tanışlarımıza zəng vuraraq bunun tək-tük, yoxsa kütləvi xarakter daşıdığını öyrənməyə çalışıram. Belə görünür ki, Azərbaycandan gələn zənglər bundan sonra daha da çoxalacaq. Yaranmış yeni şərtlər üzündən Azərbaycanın informasiya təxribatlarının başqa təzahürlərinin də ola biləcəyi gözləniləndir. Azərbaycan artıq Qarabağ ermənilərinə total psixoloji hücum başladaraq qorxu dozasını artırmağa, Qarabağı boşaltmağa çalışır”. Maraqlıdır ki, bu mövzu artıq bir neçə gündür Ermənistanda ictimai müzakirələrə səbəb olub. Hətta bununla bağlı erməni deputatlar, partiya sədrləri mövqe bildirib. Görünən budur ki, azərbaycanlıların Xankəndidə özlərinə ev almaq istəyi erməniləri bərk narahat edib. Ermənistan cəmiyyəti niyə bu amildən ehtiyat edir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı iki amil mövcuddur: “Yəni məsələyə həm texniki, həm də siyasi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Texniki cəhətdən hazırda hansısa azərbaycanlının Xankəndidə ev alıb onu sənədləşdirməsi mümkün deyil. Çünki həmin şəhər Azərbaycanın yurisdiksiyasına aid olsa da, faktiki olaraq ermənilərin kompakt yaşadığı yerdi. Ancaq hüquqi və siyasi cəhətdən istənilən azərbaycanlının həmin şəhərdə əmlak əldə etməsi mümkündür və qanunidir. Çünki Xankəndi Azərbaycan ərazisidir. Bizim qanunvericiliyə görə, ölkə vətəndaşları respublikanın istənilən yerində özlərinə daşınmaz əmlak ala bilərlər. Bu gec-tez olacaq. Ermənilər, sadəcə, bu reallıqla barışmaq istəmirlər. Ancaq normal şəkildə yaşamaq istəyirlərsə, mütləq barışmalıdırlar. Xankəndiyə edilən zənglər vətəndaşlarımızın və ya soydaşlarımızın fərdi təşəbbüsü ola bilər. Çünki həmin şəhərdə azərbaycanlılar da kompakt yaşayıb. Ola bilər ki, xaricdə yaşayan hansısa soydaşımız Xankəndinin təbiətinə vurulub, orada ev almaq istəyini bəyan edib. Bunlar normal hisslərdi. Ancaq biz görürük ki. erməni siyasi dairələri bu mövzu ətrfında manipuliayasiya edib, məsələni siyasiləşdirməyə çalışırlar. Baş verənləri Qarabağdakı erməni əhalisinə Azərbaycan hakimiyyətinin etdiyi psixoloji təzyiq kimi qələmə verirlər. Bütün bunlar absurd iddialardı. İstənilən halda, yaxın zamanlarda bizim vətəndaşlar Xankəndidə əmlak əldə edib yaşaya biləcəklər”.
Məhəmmədəli QƏRİBLİ