Hər zaman olduğu kimi, ermənilər Türkiyənin regionda və dünyada artan rolundan narahat olmağa başlayıblar. Türkiyənin bu və ya digər dərəcədə fəallığını ciddi narahatlıqla izləyirlər.
Bu arada İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq bölümünün rəhbəri Vardan Voskanyanın dəyərləndirməsi bunu bir daha təsdiq edir. O, son açıqlamasında qeyd edib ki, Qara dənizdən Əfqanıstana qədər “hərbi türk ayparası” onlar üçün təhlükəlidir: “Eyni vaxtda Türkiyə Rusiya sərhədləri yaxınlığında iki hərbi təlimdə iştirak edir. Bunlar NATO səviyyəsində Qara dənizdəki "Sea Breeze 2021" təlimləri və 28 iyundan başlayan, əvvəlcədən elan edilməyən "Mustafa Kamal Atatürk-2021" Azərbaycan-Türkiyə hərbi təlimləridir. Çox güman ki, bu barədə deyilməsə də, sözügedən təlimlər bir-birilə əlaqəlidir. Bu yaxınlarda imzalanan Türkiyə-Amerika razılaşmasını da buna əlavə etsək, hər şey aydın olacaq. Həmin razılaşmaya görə, Vaşinqtonun dəstəyi və "xeyir-duası" ilə Amerika əsgərləri Əfqanıstandan çəkildikdən sonra NATO-ya üzv bir ölkə olaraq Türkiyə bu ölkədə qalmağa hazırlaşır. O zaman Rusiyanı coğrafi cəhətdən mühasirəyə almağa çalışan, Krımdan Kabilə qədər uzunluğunda bir “hərbi türk ayparası” alacağıq. Cənubdan da Rusiyanın həyati maraqları bölgəsi olan Orta Asiya. Yəni bir tərəfdən Ermənistanın strateji tərəfdaşının, digər tərəfdən düşmənin iştirak etdiyi genişmiqyaslı geopolitik proseslər gedir. İrəvanda isə, əslində, Xarici İşlər Nazirliyi belə yoxdur ”.
Göründüyü kimi, Ermənistanda Türkiyə ilə bağlı yeni fobiya yaranıb. Bunların Türkiyə ilə bağlı qorxusuna bax. İstənilən halda, sözügedən fikirlər nə qədər real təhlildir?
“Bu heç də ermənilərin təqdim etməyə çalışdıqları təhdid deyil”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, ümumilikdə, ermənilər bölgədə Türkiyənin artan təsirindən bərk narahatdırlar: “Çünki Yaxın Şərqlə yanaşı, Qara dəniz hövzəsində, Cənubi Qafqazda və Orta Asiyada Türkiyənin nüfuzu get-gedə güclənir. Ermənilər özlərinə xas olan hiyləgərliklə hər vəchlə bunu Rusiyaya yönəlik təhdid kimi təqdim etməyə çalışırlar. İstəkləri odur ki, Rusiya buna qarşı sərt mövqe sərgiləsin və Türkiyə ilə üz-üzə gəlsin. Çünki son illər Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən yaxınlaşma ən çox Ermənistanı narahat edir. Erməni tərəfi 44 günlük Vətən müharibəsində uğradığı ciddi məğlubiyyəti həm də bu amillə əlaqələndirir. Ona görə də Türkiyənin regionda genişlənən nüfuz dairəsindən bərk narahatdırlar. Bunu özləri üçün ciddi bir təhdid mənbəyi hesab edirlər. Əslində isə Türkiyənin genişlənən təsir imkanları və artan rolu bölgəyə sabitlik, inkişaf vəd edir. Bu heç də ermənilərin təqdim etməyə çalışdıqları təhdid deyil”.
Hərbi ekspert onu da qeyd etdi ki, Türkiyənin güclənən nüfuzuna heç bir qüvvə mane ola bilməyəcək.
Vidadi ORDAHALLI