İyunun 28-də Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:
"Görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatına müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb". Bununla yanaşı, tərəflər arasında suriyalı qaçqınların öz vətəninə qayıtması ilə bağlı mövcud problemlər, həmçinin Ukraynadakı münaqişə zonalarından qaçqın düşmüş şəxslərin gələcək taleyi barəsində də fikir mübadiləsi aparılıb. Çox maraqlıdır ki, Qarabağa qaçqınların qayıdışı məsələsini BMT hələ də Azərbaycanla müzakirə etməyib. Çünki ən böyük sayda qaçqın məhz Azərbaycan tərəfindən öz doğma yurdlarına qayıtmalıdır. Azərbaycanın iştirakı olmadan Lavrovla BMT komissarının qaçqınların yerlərinə qayıtması məsələsini müzakirə etməsi nə dərəcədə məntiqə uyğundur?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağ konfliktinin başlanmasından sonra bir milyonadək azərbaycanlı öz doğma yurdundan qaçqın düşüb: “Ermənistan tərəfi iddia edir ki, münaqişə nəticəsində müəyyən sayda erməni də Qarabağı tərk edib. 44 günlük müharibə zamanı ermənilərin Qarabağ ərazisini tərk etməsi halı oldu, ancaq qısa müddət ərzində onlar geri qaytarıldı. Ermənistan dövləti heç onlara yiyə durmadı. Həmin ölkə qaçqınlarla bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliyi belə yerinə yetirmədi. Lavrovun həll etməyə çalışdığı məsələ 10 noyabr razılaşması üzrə gedir. Çünki həmin razılaşmada prosesin BMT-nin patronajlığı ilə aparılmasının zəruriliyi qeyd edilib. Bir milyona yaxın azərbaycanlı hələ də qaçqın statusunda qalır. Rusiya bu prosesdə fəallıq göstərir. Hətta Qarabağa qayıdan qaçqın ermənilərin sayı ilə bağlı ziddiyyətli rəqəmlər də açıqlayıb. Həmin rəqəmlər BMT-nin hesabatları ilə uzlaşmayıb. Lavrov həmin rəqəmi BMT komissarı ilə görüşdə səsləndirir. Bu proses Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Biz belə fikirləri Nikol Paşinyanın da dilindən eşitmişik. Belə başa düşülür ki, Rusiya bu adla həmin ərazidə ermənilərin sayını çoxaltmağa çalışır. Prosesi BMT-nin patronajlığı altında aparmaq istədiyi üçün Azərbaycanı müzakirədən kənarda saxlayır. Azərbaycan buna qəti etirazını bildirməlidir. Biz 1988-ci ilə qədər siyahı ilə Qarabağa köçürülən ermənilərin siyahısını tutuşdurmalıyıq. İmkan verməməliyik ki, Lavrov Rusiya dövlətinin imkanlarından istifadə etməklə Qarabağda süni məskunlaşdırma aparsın. BMT ali qurum kimi belə lazımsız kampaniyalardan kənarda qalmalıdır. Həmin qurumun özü Azərbaycanın iştirakı olmadan belə danışıqlardan imtina etməlidir”.
Məhəmmədəli QƏRİBLİ