ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ATƏT-in Ermənistan və Azərbaycan arasında münasibətlərin həlli üçün səy göstərdiyini deyib. ATƏT-in fəaliyyətdə olan sədri deyib:
“Şəxsi nümayəndəm bu məsələdə çox fəaldır. Vəziyyəti müzakirə etmək üçün dünən onunla görüşdüm. ATƏT-in Minsk Qrupu həmsədrləri də müsbət addımlar atmağa çalışırlar. Bu müddət ərzində 15 erməni hərbçi Ermənistana qayıtdı, Azərbaycana mina sahələri barədə məlumatlar verildi. Düşünürəm ki, etimad yaratmağın bir yolu budur. Bu məsələdə Gürcüstan və ABŞ mühüm rol oynadı”. Ann Linde daha sonra bildirib: “Mən Ermənistan və Azərbaycanı dialoqa getməyə və ATƏT-in Minsk Qrupunun himayəsi altında yüksək səviyyəli danışıqları bərpa etmək üçün bu cür müsbət addımları davam etdirməyə çağırıram. Anjey Kasprşikin iştirakı ilə gedəcək bu danışıqlar münaqişənin həlli üçün vacib amil olacaq. Çünki tərəflər arasında hələ də sülh razılaşması əldə edilməyib. Bu, qalıcı siyasi həllin yeganə yoludur”.
ATƏT-in fəaliyyətdə olan sədri, həmçinin, Azərbaycandan digər erməni əsirlərini İrəvana təhvil verməyi də tələb edib.
Faktiki olaraq, ATƏT sədrinin məntiqi Azərbaycanın rəsmi mövqeyinə qarşıdır. Çünki Azərbaycan ən yuxarı səviyyələrdə rəsmən bəyan edib ki, Qarabağ münaqişəsi mövcud deyil, problem öz həllini tapıb. ATƏT rəhbərliyinin bu təzadlı mövqeyini nə ilə izah edə bilərik?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ATƏT-in fəaliyyətdə olan sədrinin son bəyanatında qeyri-adi nəsə yoxdur: “Çünki biz dəfələrlə analoji məzmunlu bəyanatların səsləndirildiyini görmüşük. ATƏT rəhbərliyi və Minsk Qrupunun həmsədrləri müətəmadi şəkildə deyirlər ki, münaqişə hələ bitməyib, danışıqlar davam etməlidir. Məqsəd nədir? Bunlar düşünür ki, artıq mövcud olmayan ərazi vahidi sayılan Dağlıq Qarabağda ermənilərin yaşaması üçün mütləq mənada onlara status verilməlidir. Əvvəl çox çalışdılar ki, Dağlıq Qarabağı müstəqil elan etsinlər. Bizə “Madrid prisipləri” adlı sənəd təqdim etdilər. 44 günlük müharibə bütün reallıqları dəyişdi. İndiki reallıqlarla hesablaşmaq onların öhdəsinə düşür. Bunu etmək istəmirlər. Müstəqilliyə nail ola bilmirlər, çalışırlar ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara ən yüksək statusu versinlər. ATƏT Minsk Qrupu həmsədrləri də çalışır ki, ermənilərə status alsınlar. Biz bu məsələdə Prezidentdə dəstək verməliyik. Çünki ölkəmizə ciddi təzyiqlər var. Qeyri-bərabər şəkildə diplomatik mübarizə gedir. Ermənilər normal vətəndaşlar kimi bizim qanunları qəbul edib yaşaya bilərlər. Ölkəmizdə iri ərazi vahidlərinin yaradılmasına çox böyük ehtiyac var. Qarabağda yerləşən rayonların hamısını birləşdirib bir ərazi vahidi yaradılmalıdır. Ermənilər də həmin ərazi vahidinin tərkibində Azərbaycan qanunlarına tabe olaraq yaşaya bilərlər. Demək istədiyim budur ki, münaqişə bitsə də, mübarizə hələ bitməyib. Elə etməliyik ki, açıq ermənipərəst mövqe tutan ATƏT-in nümayəndələri öz məqsədlərinə çata bilməsinlər”.
Məhəmmədəli QƏRİBLİ