1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri işləmiş Riçard Kozlariç zaman-zaman Azərbaycana yönəlik ədalətsiz fikirlər səsləndirib. Belə ki, Kozlariç müxtəlif tədbirlərdə, yazdığı yazılarda Azərbaycanı tənqid edir, hakimiyyətin ünvanına əsası olmayan fikirlər səsləndirir.
Sabiq səfir ənənəsinə sadiq qalaraq, yenə bənzər mövqedən çıxış edir. Kozlariç twitter hesabındakı açıqlamasında Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin bitdiyi və Ermənistanın Azərbaycanla sərhədlərini müəyyənləşdirməli olduğu barədə açıqlamalarına toxunub: “Əliyev deyir ki, Ermənistan Azərbaycanla sərhədlərini müəyyənləşdirməlidir, çünki münaqişə bitib. Münaqişə bitibsə, Prezident Əliyev niyə hərbi geyimdədir?”.
O bu fikirləri Prezidenti İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə hərbi geyimdə görüşməsini nəzərdə tutaraq ifadə edib. Ölkə başçısının hərbi geyimdə ordu təmsilçiləri ilə görüşməsini Kozlariç bu cür yozur. Maraqlıdır, Kozlariçin məlum fikirləri Əliyevə qarşı tutarlı arqument sayıla bilərmi?
“Bunda hansısa siyasi qəbahət axtarmağın heç bir hüquqi və məntiqi əsası yoxdur”
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Kozlariçin məsələyə o cür yanaşması tutarlı arqument sayıla bilməz: “Kozlariç Azərbaycanda səfir olarkən biz ona olduqca müsbət münasibət bəsləmişik. Ancaq çox təəssüflər olsun ki, Kozlariç səfir postundan gedəndən sonra zaman-zaman Azərbaycana yönəlik qərəzli münasibət sərgiləyib. Prezident İlham Əliyevin ordu günü müzəffər hərbçilərlə hərbi formada görüşməsinin buna nə aidiyyəti var? Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Haqlı olaraq da Prezident münaqişənin bitdiyini və Ermənistanla sərhədlərin delimitasiya olunmasının vacibliyini bəyan edir. Sözügedən tədbirdə Ali Baş Komandanın hərbi formada iştirakı və çıxış etməsi tam təbiidir. Bunda hansısa siyasi qəbahət axtarmağın heç bir hüquqi və məntiqi əsası yoxdur. Biz öz torpaqlarımızı azad etmişik və heç kəsdən kömək diləməmişik. Hərbi-siyasi və ya hüquqi kömək istəməmişik. Eyni zamanda, digər reallıq da odur ki, Azərbaycan hələ Ermənistanla müharibə vəziyyətindədir. O mənada ki, qarşı tərəflə sülh sazişi imzalanmayıb. Ermənistan müxtəlif bəhanələrlə bundan yayınır. Nə dəhlizlərin açılmasını sürətləndirir, nə də sülh müqaviləsinə imza atır. Müxtəlif təxribatlarla məşğul olur, diversantları, terrorçuları ərazilərimizə göndərir. Belə olan halda biz neyləməliyik? Kozlariç diplomatdırsa, o zaman yaxşı olardı ki, diplomata xas mövqe sərgiləsin. Bilmədiyi şeyləri təhlil etməklə məşğul olmasın”.
Politoloq onu da qeyd etdi ki, Kozlariç bölgədə yeni reallıqların yarandığını anlamalıdır.
Vidadi ORDAHALLI